İPOTEKA KREDİTLƏRİNİN VERİLMƏSİNƏ HƏSR EDİLMİŞ SEMİNAR
Milli Bank nəzdində İpoteka Fondunun (AİF) icraçı direktoru Faiq Məmmədov bildirmişdir ki, əhalinin yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirmə mexanizmini yaratmaq, yerli və xarici investorları ipoteka kreditləşməsinə cəlb etmək məqsədi ilə ölkə Prezidentinin “Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında” 2005-ci il 16 sentyabr tarixli Fərmanına uyğun olaraq, AİF-in Əsasnaməsi təsdiq edilmiş, institusional quruculuq işlərinin aparılması istiqamətində bir sıra zəruri tədbirlər həyata keçirilmiş, Fond dövlət qeydiyyatına alınmış, büdcədən vəsait ayrılmış, Nazirlər Kabinetinin qərarı ilə ipoteka kağızının dövlət qeydiyyatı qaydaları təsdiq olunmuş, digər normativ hüquqi sənədlər hazırlanmışdır.
Qeyd edilmişdir ki, İpoteka Fondu əhaliyə birbaşa ipoteka kreditlərinin verilməsi ilə məşğul olmur, bu vəzifə seçilmiş müvəkkil kredit təşkilatları tərəfindən həyata keçirilir. İpoteka Fondunun qiymət təyinetmə dərəcəsi 6 faiz müəyyənləşdirilmişdir, müvəkkil kredit təşkilatları isə ipoteka kreditlərini 12 faizdən artıq olmamaq şərti ilə verəcəklər.
Azərbaycan İpoteka Fondu tərəfindən müəyyən olunmuş sığorta şirkətləri aşağıdakılardır: “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti, “Atasığorta” ASC, “Atəşgah” (Azərbaycan-Rusiya) Birgə Səhmdar Sığorta Şirkəti, “Başak-İnam” (Azərbaycan-Türkiyə) Birgə Səhmdar Sığorta və
Təkrarsığorta Şirkəti, “Beynəlxalq Sığorta Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyət, “MBASK” Səhmdar Sığorta Cəmiyyəti, “Standard İnsurance” Məhdud Məsuliyyətli Sığorta Şirkəti.
KİV nümayəndələrinə AİF-in əsas funksiyaları, səlahiyyətləri, Fondun vəsaitlərinin formalaşdırılması, kreditlərin verilmə şərtləri, kredit əldə etmənin ardıcıl mərhələləri, bazar iştirakçılarının ipoteka kreditləşməsində rolu barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İpoteka Fondunun vəsaitləri dövlət büdcəsindən, Fonda əsas borc və faizlərdən daxilolmalardan, qiymətli kağızların yerləşdirilməsindən, institusional investorlardan, xarici kreditlərdən, yardım və qrantlardan, habelə qadağan olunmayan digər mənbələrdən formalaşır. Kreditlər yalnız Azərbaycan vətəndaşlarına və milli valyuta - manatla, özü də krediti qaytarma qabiliyyəti qiymətləndirildikdən sonra verilir. Kredit müddəti 3-15 ildir, verilən məbləğ 30 min manatdan (AZN), illik faiz dərəcəsi 12 faizdən çox olmamalıdır. Əsas borc və faizlər hər ay bərabər hissələrlə ödənilməlidir.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.