İqlim dəyişikliyi sahil və sualtı mədəni irsə təsir edən təbii prosesləri sürətləndirir
Bakı, 10 sentyabr, AZƏRTAC
Sahilyanı mədəni irsi iqlim böhranından qorumaq üçün onun dəyərlərini anlamaq lazımdır. Arxeoloji abidələr, tarixi qalalar, şəhər divarları, tarixi sahil yaşayış məskənləri, dəniz infrastrukturu, sualtı mədəni irs və qeyri-maddi mədəni irs bu dəyərlərə daxildir.
AZƏRTAC xəbər verir ki, bunu Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) Türkiyə Milli Komitəsinin və ICOMOS-un Sualtı Mədəni İrs üzrə Beynəlxalq Komitəsinin (ICUCH) üzvü Ceyda Öztosun Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilən “Türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin qorunması: Ortaq ənənələrdən birgə fəaliyyətə” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
"İqlim böhranı yalnız maddi mədəni irsə təsir göstərmir. Onun yaratdığı təbii fəlakətlər icmaların köçürülməsinə, hətta onların yox olmasına səbəb ola bilər. Bu halda ənənələr, sənətkarlıq növləri və icmaların mədəni yaddaşı da itirilə bilər.
Lakin bu dəyərlər həm təbii, həm də insan fəaliyyəti nəticəsində yaranan ciddi risklərlə üz-üzədir. Bəşəriyyətə məxsus sahil və sualtı mədəni irs dəyərlərinin nəsildən-nəslə ötürülməsini təmin etmək üçün mədəni irsə təhlükə yaradan riskləri, heç olmasa qismən, idarə etmək lazımdır”, - deyə o əlavə edib.