İqlim dəyişmələri əhalinin sağlamlığına birbaşa təhlükədir
Bakı,18 noyabr, AZƏRTAC
İqlim dəyişmələri XXI əsrdə qlobal səhiyyəyə ən böyük təhlükədir. Onun nəticələri hər il on minlərlə insanın müxtəlif növ xəstəliklərdən, çox isti hava və daşqın kimi ekstremal hava hadisələrindən tələf olmasına, hava, su, ərzaq məhsullarının keyfiyyətinin pisləşməsinə gətirib çıxarır.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu barədə DST-nin baş direktoru Marqaret Çen məlumat verərək deyib: “Faktlar çox heyrətləndirir: iqlim dəyişmələri insanların sağlamlığına təhlükə yaradır. Bu problemin həlli var və biz həmin meylin qarşısını almaq üçün ciddi çalışmalıyıq”.
Bütün dünyada qeydə alınan hava ilə bağlı təbii fəlakətlərin sayı 1960-cı illərdən başlayan dövr ərzində üç dəfədən çox artıb. Hər il bu fəlakətlər, əsasən, inkişaf etməkdə olan ölkələrdə 60 min adamın ölümünə səbəb olur.
Təkcə havanın çirklənməsi səbəbindən hər il dünyada təxminən 7 milyon adam vaxtsız ölür.
Havanın temperaturunun çox yüksək olmasının doğurduğu ürək-damar və respirator xəstəliklər səbəbindən, xüsusən, ahıllar arasında ölüm hallarının artmasına gətirib çıxarır. Belə ki, 2003-cü ilin yayında Avropada güclü istilərin hökm sürdüyü dövrdə ölüm hallarının sayının 70 mindən çox artması qeydə alınmışdı. Güclü istilərdə bitkilərdə və digər aeroallergenlərdə tozcuqların səviyyəsi artır və bu tozcuqlar astmaya səbəb olur. Astmadan təqribən 300 milyon adam əziyyət çəkir.
DST ehtiyat edir ki, 2030-2050-ci illər dövründə iqlim dəyişmələri qida çatışmazlığı, malyariya, diareya və istilik stressi nəticəsində ölüm hallarının ildə 250 min artmasına səbəb olacaq. Sağlamlığa ziyan ilə bağlı birbaşa xərclər artaraq, 2030-cu il üçün 2-4 milyard ABŞ dolları təşkil edə bilər.
Ekspertlər narahatdırlar ki, əsasən inkişaf etməkdə olan ölkələrin səhiyyə infrastrukturunun zəif olduğu rayonlarının iqlim dəyişikliklərinə hazırlaşmaq və xarici yardım olmadan cavab tədbirləri görmək imkanları azdır.
Üzv dövlətlər iqlim dəyişiklikləri problemini həll etmək üçün bu ilin dekabrında Parisdə qlobal saziş imzalamaq niyyətindədirlər. DST ekspertləri hesab edirlər ki, bu sənəd sağlamlığın mühafizəsi sahəsində yüzilliyin ən mühüm sazişi olacaq.