İqtisadi Araşdırmalar İnstitutu: Almaniya iqtisadiyyatı bu il 0,4 faiz azalacaq
Bakı, 9 sentyabr, AZƏRTAC
Almaniyanın aparıcı iqtisadi beyin mərkəzlərindən olan İqtisadi Araşdırmalar İnstitutu (IFO) bu il Almaniya iqtisadiyyatında 0,4 faiz azalma, 6 faiz inflyasiya və təxminən 2,6 milyon işsizlik gözlənildiyini bildirib.
AZƏRTAC IFO-nun Almaniya iqtisadiyyatı üçün 2023-2024-cü illəri əhatə edən proqnozuna istinadən xəbər verir ki, ölkədə keçən il 6,9 faiz, avqustda isə 6,1 faiz olan inflyasiyanın bu il orta hesabla 6 faiz olacağı, 2024-cü ildə isə 2,6 faizə düşəcəyi gözlənilir.
IFO hesabatında qeyri-adi yüksək inflyasiya səbəbindən bu il şəxsi istehlakın 0,5 faiz azalacağını, 2024-cü ildə isə 1,8 faiz artacağını proqnozlaşdırıb.
Hesabatda bu il ölkədə işsizlik sayının ötən illə müqayisədə 100 mindən çox artaraq 2 milyon 418 mindən 2 milyon 591 minə çatacağı, növbəti il yenidən 2 milyon 582 minə düşəcəyi təxmin edilib.
IFO Almaniya dövlət sektorunun keçən il 96,9 milyard avro olan büdcə kəsirinin bu il 91,5 milyard avroya, gələn il isə 79,6 milyard avroya düşəcəyini gözləyir.
İqtisadi proqnozlar üzrə menecer Timo Wollmershaeuser mövzu ilə əlaqədar şərh edərək bildirib ki, iqtisadiyyatda canlanmanın ilin ikinci yarısında da baş verməyəcəyi gözlənilir: “İqtisadiyyatda yavaşlama davam edir və bu tendensiya demək olar ki, bütün sektorlarda müşahidə olunur”.
Almaniya iqtisadiyyatı ötən ilin son rübündə 0,4 faiz, birinci rübündə isə 0,1 faiz azaldığı halda, ilin ikinci rübündə də inkişaf edə bilmədi.
Son illərdə COVID-19 epidemiyası, tədarük zəncirinin pozulması və Rusiya-Ukrayna müharibəsi kimi çoxsaylı böhranlar Almaniya iqtisadiyyatının zəif tərəflərini ortaya çıxarsa da, Çin başda olmaqla, bir çox ölkənin Almaniyadan idxal edilən malları getdikcə daha çox istehsal etməsi və yüksək inflyasiya ilə artan faiz dərəcələri Almaniya iqtisadiyyatının böyüməsini daha da çətinləşdirir. Həmçinin qlobal inkişafın ləngiməsi, ixracın azalması, yüksək enerji qiymətləri, sənaye istehsalının azalması və istehlakçıların artan inflyasiya ilə mübarizə səyləri də Almaniya iqtisadiyyatına mənfi təsir göstərir.