İQTİSADİ İNKİŞAF NAZİRİ HEYDƏR BABAYEVİN ÇIXIŞI
-Hörmətli cənab Prezident!
Xanımlar və cənablar!
2004-cü ilin fevral ayında “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edildikdən sonra artıq dördüncü dəfədir ki, biz hər ilin fevral ayında bu proqramın icrasının gedişinə həsr olunmuş konfransda iştirak edirik. Proqramın icrasına olan bu maraq və diqqət təsadüfi deyildir. Belə ki, məhz bu sənədin qəbul edilməsi ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcını qoymuş, regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırmışdır. Sözsüz ki, bu tədbirdə möhtərəm cənab Prezidentin şəxsən iştirakı regionların inkişafına verilən əhəmiyyətin və diqqətin bariz nümunəsidir.
Hörmətli konfrans iştirakçıları!
Bildiyiniz kimi, müstəqilliyimizin ilk illərində müxtəlif daxili və xarici amillərin təsiri altında ölkəmizdə dərin sosial-iqtisadi böhran vəziyyəti yaranmışdı. Digər tərəfdən də, Ermənistanın hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş bir milyondan artıq soydaşımız Azərbaycanın müxtəlif bölgələrinə üz tutmuş, bununla da ölkənin sosial-iqtisadi vəziyyəti daha da ağırlaşmışdı.
Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən başlanmış irimiqyaslı islahatlar ölkənin dərin tənəzzüldən çıxması, əhalinin güzəranının tədricən yaxşılaşması ilə nəticələndi. Ulu öndərimiz apardığı siyasətdə həmişə regionların inkişafına xüsusi diqqət yetirmiş, onun bilavasitə təşəbbüsü ilə torpaq islahatının aparılması, aqrar sahənin vergilərdən azad edilməsi, vaxtı keçmiş borcların silinməsi, müxtəlif qanun və proqramların həyata keçirilməsi ilə bağlı çox əhəmiyyətli işlər görülmüşdür.
Təbii ki, ölkəmizin sosial-iqtisadi inkişafı sürətləndikcə, qarşımızda duran vəzifələr də mahiyyət etibarilə dəyişir. Bu vəzifələrdən biri də hazırda ölkənin iqtisadi inkişafının davamlılığının təmin edilməsindən, xüsusilə regionların inkişafının sürətləndirilməsindən ibarətdir. Məhz bu səbəbdən ötən prezident seçkiləri zamanı cənab İlham Əliyev regionların inkişafını, 5 il ərzində 600 min iş yerinin açılmasını özünün sosial-iqtisadi platformasının başlıca hədəflərindən biri kimi müəyyənləşdirmiş və 2004-cü ilin fevral ayında regionların sosial-iqtisadi inkişafı Dövlət proqramını təsdiq etmişdir.
Bununla yanaşı, son dörd ildə ayrı-ayrı bölgələrin inkişafı ilə bağlı əlavə tədbirlər barədə 13, o cümlədən 2007-ci ildə 3, 2008-ci ilin yanvar ayında isə 2 xüsusi sərəncam imzalanmışdır.
Dövlət proqramı qəbul olunduqdan sonra cənab Prezident 50-dən artıq şəhər və rayona, habelə bir neçə dəfə Naxçıvan Muxtar Respublikasına səfərlər etmiş, işlərin gedişi ilə yerlərdə tanış olmuş, bir çox müəssisələrin açılışında, təməlqoyma mərasimlərində iştirak etmişdir. Sözsüz ki, rayonların sosial-iqtisadi inkişafına göstərilən bu qayğı proqramın uğurlu icrasının həlledici amili olmuşdur.
Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin mühüm bir hissəsi qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlıdır. Ötən dörd il ərzində Milli Məclis tərəfindən regionların inkişafına yönəldilmiş xeyli qanunlar qəbul edilmişdir. Bu il də yeni qanunların qəbul edilməsi Dövlət proqramının uğurlu icrasına öz töhfəsini verəcəkdir.
Regionların inkişafının ən mühüm şərtlərindən biri ümumi makroiqtisadi mühitin əlverişli olmasıdır. 2007-ci ildə makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, məşğulluğun artırılması, bank sisteminin inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, əmək haqqı və pensiyaların artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Bunun nəticəsində 2007-cı ildə də ümumi daxili məhsulun artım sürətinə görə Azərbaycan dünya ölkələri arasında liderlik mövqeyini saxlamış, artım sürəti 25 faiz səviyyəsində olmuş, strateji valyuta ehtiyatları 7 milyard dolları ötmüş, ölkəmiz transmilli layihələrin aparıcı iştirakçısı olmuş və beləliklə, Azərbaycan regionun mühüm iqtisadi güc mərkəzinə çevrilmişdir.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, proqram qəbul edildikdən sonra bütün dövlət idarəetmə orqanlarında regionlara olan münasibət köklü şəkildə dəyişmiş, regional inkişaf həyata keçirilən iqtisadi siyasətin əsas hədəfinə çevrilmişdir. Təsadüfi deyil ki, dövlət büdcəsi hesabına həyata keçirilən proqramlarda regionların xüsusi çəkisi durmadan artır.
Məsələn, belə bir faktı vurğulamaq istərdim ki, təkcə 2007-ci ildə dövlət investisiya xərclərində regionlardakı layihələrin həyata keçirilməsinə ayrılan vəsaitin ümumi məbləği 691 milyon manat təşkil etmişdir. 2008-ci ildə isə regionlarda layihələrin icrasına ayrılan vəsaitin həcmi ötən ildəkindən təxminən 70 faiz çox - 1,15 milyard manat olacaqdır.
Cari ildə dövlət investisiya xərcləri, eləcə də Dövlət Neft Fondunun vəsaitləri hesabına Səngəçalda modul tipli elektrik stansiyasının, Oğuz-Qəbələ-Bakı su xəttinin, Yuxarı Mil kanalının, Tovuzçay su anbarının, Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun, Mingəçevir şəhərində “Kür” olimpiya təlim idman mərkəzinin inşası layihələrinin davam etdirilməsi, eləcə də 12 rayonda olimpiya idman komplekslərinin, bir sıra avtomobil yollarının, səhiyyə və təhsil obyektlərinin, şəhid ailələri və əlillər üçün yaşayış binalarının tikintisi ilə bağlı yeni layihələrin icrasına başlanılması planlaşdırılır.
Dövlət proqramı qəbul edildikdən sonra bütün bölgələrdə yeni-yeni müəssisələr fəaliyyətə başlayır, quruculuq və abadlıq işləri uğurla davam etdirilir. “Gülüstan” sarayının birinci mərtəbəsində təşkil olunmuş sərgi və orada nümayiş etdirilmiş film bunu əyani şəkildə bir daha göstərir. Təkcə 2007-ci ildə Yevlax şəhərində “Lalə-tekstil” tikiş fabriki, Əli Bayramlı şəhərində yağ emalı zavodu, Salyan rayonunda ildə 30 ton süd məhsulları istehsal edən zavod, Şəki rayonunda ildə 3,5 milyon ədəd kərpic istehsal edən zavod, Qazax rayonunda gün ərzində 350 ton gil istehsal edən bentonit emalı zavodunun birinci hissəsi, Qəbələ şəhərində konserv zavodu, İmişlidə sutkada 5,5 ton çörək məmulatları, Göyçayda ildə 200 min şərti butulka nar şirəsi istehsal edən zavodlar və digər müasir müəssisələr fəaliyyətə başlamışdır.
Ümumiyyətlə, ötən il 344 emal müəssisəsi, 822 tikinti müəssisəsi, 579 kənd təsərrüfatı müəssisəsi, 1700-dən çox ticarət və xidmət müəssisəsi açılmışdır ki, bunun da 40 faizi regionların payına düşür.
Yeni emal müəssisələrinin fəaliyyətə başlaması, habelə cənab Prezidentin təşəbbüsü ilə dövlət büdcəsinin vəsaitləri hesabına texnika və gübrə alınaraq əlverişli şərtlərlə fermerlərə verilməsi kənd təsərrüfatı istehsalının artırılmasına, regionlarda əhalinin güzəranının yaxşılaşmasına müsbət təsir göstərmişdir. Bununla yanaşı, ölkə Prezidentinin sərəncamına əsasən, 2007-ci ilin dövlət büdcəsindən ayrılmış 80 milyon manat vəsait hesabına ötən il 600 mindən çox fiziki və hüquqi şəxsə əkin sahəsinin becərilməsində istifadə edilmiş yanacaq və motor yağlarının, mineral gübrələrin alınması, buğda istehsalçılarına yardımın verilməsi təmin edilmiş, bunun nəticəsində payızlıq taxıl və buğda sahələri 261 min hektar artmışdır.
Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi inkişaf konsepsiyasının mühüm müddəalarından olan yeni iş yerlərinin açılması əsasən özəl sektorun inkişafı, sahibkarların səmərəli fəaliyyəti hesabına təmin edilməkdədir. Bununla əlaqədar olaraq, dövlət büdcəsində sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi ilbəil artırılır, biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı əhəmiyyətli işlər görülür.
2007-ci il ərzində sahibkarlara güzəştli kreditlərin verilməsi prosesi daha da genişlənmişdir. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 882 sahibkarlıq subyektinə 90,7 milyon manat kredit verilmişdir ki, bunun nəticəsində 15,5 mindən çox yeni iş yeri yaradılmışdır. Maliyyələşdirilmiş layihələrin 77 faizi regionların payına düşür və bu göstərici ildən-ilə artacaqdır. Ümumilikdə, son dörd ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 6194 sahibkara 235,6 milyon manat güzətli kredit verilmiş, bu vəsaitlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi 60 minə yaxın yeni iş yerinin açılmasına imkan yaratmışdır. Yuxarıda qeyd olunan və digər tədbirlərin həyata keçirilməsi nəticəsində indiyədək 650 mindən çox iş yeri açılmışdır. Təkcə 2007-ci ildə 147 minə yaxın iş yeri yaradılmışdır və bunun 80 faizindən çoxu regionların payına düşür.
Dövlət proqramında irəli sürülmüş ən mühüm vəzifələrdən biri rayonlarda kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsindən, infrastruktur təminatının yaxşılaşdırılmasından ibarətdir. Ötən il əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması üçün 353 kilometrdən çox yeni elektrikötürmə xətləri çəkilmiş, 188 elektrik transformatoru quraşdırılmış, 49 yardımçı stansiya açılmışdır.
Qaz təminatını daha da yaxşılaşdırmaq məqsədi ilə 234 kilometr yeni qaz kəmərləri çəkilmiş, 7964 poqonmetr qaz xətti əsaslı təmir olunmuşdur. Regionlarda əhalinin içməli su təminatının və kanalizasiya xidmətlərinin təkmilləşdirilməsi məqsədi ilə 134 kilometr su xətləri, 21 kilometr kanalizasiya xətləri çəkilmiş, 2 su anbarı qurulmuş, 53 artezian quyusu qazılmışdır. Bununla yanaşı, 82 kilometr istilik xətləri çəkilmiş, ölkənin müxtəlif bölgələrində 132,5 min nömrəlik ATS-lər inşa olunmuşdur.
Proqramda nəzərdə tutulduğu kimi, regionlarda rayonlararası və rayondaxili yolların bərpası və inkişafı ilə də bağlı bir sıra işlər görülmüşdür. Belə ki, ötən il Hacıqabul-Kürdəmir avtomobil yolunun 75 kilometrlik hissəsi istifadəyə verilmiş, Şəmkir-Gədəbəy, Gəncə-Yenikənd-Poylu, Muğanlı-İsmayıllı-Qəbələ, Şamaxı-Pirqulu və digər yolların yenidən qurulmasına başlanmışdır.
Möhtərəm cənab Prezident!
Hörmətli konfrans iştirakçıları!
Dövlət proqramından irəli gələn vəzifələrin icrasında Dövlət İnvestisiya Şirkəti də mühüm rol oynamağa başlayır. Şirkət Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə “Milk-Pro” MMC-yə Goyçay süd emalı zavodunun yenidən qurulması və Türkiyənin “Hastavuk” firması ilə birlikdə “Dəvəçi Broyler” Səhmdar Cəmiyyətində quş ətinin dərin emalı texnologiyasının tətbiqi və damazlıq təsərrüfatının yaradılması layihələrinin icrasına başlamışdır. Bu iki layihənin ümumi dəyəri təxminən 32 milyon manatdır.
Yeri gəlmişkən, məlumat üçün bildirmək istərdim ki, Dövlət İnvestisiya Şirkəti ümumi dəyəri 559 milyon manat olan 6 layihənin maliyyələşdirilməsinə artıq başlamışdır və bu layihələrdə xarici və digər investisiyaların payı 604 milyon manat təşkil edəcəkdir.
Bu il biz beynəlxalq maliyyə təsisatları ilə birlikdə regionlarda ümumi dəyəri 900 milyon ABŞ dollarına yaxın olan çox mühüm layihələrin davam etdirilməsini planlaşdırırıq. Belə ki, Dünya Bankının kreditləri hesabına dəyəri 42 milyon ABŞ dolları olan suvarma-drenaj infrastrukturunun bərpası, dəyəri 55 milyon ABŞ dolları olan elektrik ötürücü sistemləri layihələri, dəyəri 15 milyon ABŞ dolları olan kənd investisiyaları layihəsi, dəyəri 11,5 milyon ABŞ dolları olan məcburi köçkünlərin iqtisadi inkişafı, Asiya İnkişaf Bankı ilə Ağdaş, Göyçay və Naxçıvan şəhərlərində ümumi dəyəri 39,9 milyon ABŞ dolları olan su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, İslam İnkişaf Bankının və ərəb fondlarının kreditləri hesabına dəyəri 22,5 milyon ABŞ dolları olan Xanarx və dəyəri 42,5 milyon ABŞ dolları olan Vəlvələçay-Taxtakörpü kanallarının inşası və digər layihələr davam etdiriləcəkdir. Diqqətinizə bir daha çatdırıram ki, bu layihələrin dəyəri 900 milyon dolları keçəcəkdir.
Bunlardan əlavə, beynəlxalq maliyyə qurumları ilə aparılan danışıqlar nəticəsində cari ildə ümumi dəyəri 665 milyon ABŞ dolları olan yeni layihələrin həyata keçirilməsi üzrə razılıq əldə olunmuşdur.
2007-ci ildə regionlarda sosial obyektlərin inşasına xüsusi diqqət yetirilmişdir. Ötən il 81 min 714 şagird yerlik ümumtəhsil məktəbləri, 310 çarpayılıq xəstəxana və növbədə 323 nəfəri qəbul edə bilən ambulatoriya-poliklinika müəssisəsi, 1030 yerlik məktəbəqədər uşaq müəssisəsi, Masallı və Qazax rayonlarında olimpiya idman kompleksləri, Əli Bayramlı şəhərində Müalicə-Diaqnostika Mərkəzi istifadəyə verilmişdir. Yeni məktəblərin tikintisində Heydər Əliyev Fondunun xüsusi rolu vardır və “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkənin regionlarında məktəb tikintisi uğurla davam etdirilir.
Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı da ötən il diqqət mərkəzində olmuşdur. 2007-ci ilin dekabrında Sabirabad rayonu ərazisində yerləşən sonuncu çadır şəhərciyi ləğv olunmuş, bununla da cənab Prezident verdiyi vədlərə sadiqliyini bir daha nümayiş etdirmişdir. Ümumiyyətlə, son illərdə 12 çadır şəhərciyi ləğv edilmiş, 54 yeni qəsəbə salınmış, qaçqın və məcburi köçkünlər üçün 15 min 110 ev tikilmiş, bu işlərə Dövlət Neft Fondundan 380 milyon manatdan çox vəsait xərclənmişdir.
Bütün bu tədbirlər yoxsulluğun səviyyəsinin 16 faizədək enməsinə səbəb olmuş, xüsusilə regionlarda yoxsulluq probleminin həlli sürətlənmişdir.
Cənab Prezident, bu il Dövlət proqramının icrası başa çatır. Bununla əlaqədar qarşımızda duran başlıca vəzifə proqramda nəzərdə tutulmuş bütün tədbirlərin tam icra olunmasından ibarətdir. Fürsətdən istifadə edib, bugünkü konfransda iştirak edən dövlət təşkilatlarını və beynəlxalq qurumları bu sahədə səylərini daha da artırmağa dəvət edirəm.
Bununla yanaşı, bildirmək istərdim ki, Sizin tapşırığınıza uyğun olaraq, regionlarda başlanmış işlərin ardıcıl şəkildə davam etdirilməsi məqsədi ilə 2009-2013-cü illər üçün regionların sosial-iqtisadi inkişafı üzrə yeni Dövlət proqramının hazırlanması üzərində iş gedir.
Cənab Prezident, çıxışımın sonunda Sizi əmin etmək istərdim ki, Dövlət proqramında irəli sürülmüş vəzifələrin, verdiyiniz tapşırıqların tələb etdiyiniz səviyyədə yerinə yetirilməsi üçün bundan sonra da bütün imkanlarımızı səfərbər edəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm.