İqtisadiyyat Nazirliyinin əməkdaşları vaksinasiya olunur
Bakı, 13 aprel, AZƏRTAC
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, bu ilin yanvar ayından etibarən ölkə üzrə koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi mərhələli şəkildə davam etdirilir. İqtisadiyyat Nazirliyi də bu prosesdə yaxından iştirak edir. Nazirliyin təşəbbüsü və TƏBİB-in təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində səyyar vaksinasiya məntəqəsi yaradılıb və könüllü vaksinasiyadan keçmək istəyən nazirliyin əməkdaşları həkim yoxlanışından sonra peyvənd olunurlar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 1700-dək əməkdaş vaksinasiya üçün müraciət edib və onların bu həftə ərzində peyvənd olunması nəzərdə tutulur. Ümumilikdə isə, vaksinasiya başlayandan indiyədək İqtisadiyyat Nazirliyinin və tabeliyindəki qurumların 2600-dən çox əməkdaşı peyvənd olunub.