İran HƏMAS-la mümkün əlaqəsinə görə neft gəlirlərinin bir hissəsindən məhrum olub
Pekin, 14 oktyabr, AZƏRTAC
İran HƏMAS-la ehtimal edilən əlaqəsinə görə neft gəlirlərinin bir hissəsindən müvəqqəti də olsa məhrum olub.
AZƏRTAC “The Korea Herald” qəzetinə istinadla xəbər verir ki, Cənubi Koreyanın ixrac neftinə görə İrana ödənişləri ABŞ tərəfindən yenidən dondurulub. Bu barədə qərar Birləşmiş Ştatların dövlət katibi Antoni Blinkenin Yaxın Şərq regionuna səfərindən sonraya təsadüf edir.
İranın Cənubi Koreyaya satdığı neft üçün almalı olduğu vəsait Qətər banklarında saxlanılırdı. İranda saxlanılan ABŞ vətəndaşlarının azad edilməsi barədə razılaşmadan sonra Vaşinqton Cənubi Koreyanın ixrac neftinə görə İrana ödənişlərinə icazə vermişdi. İsrail-Fələstin münaqişəsi kəskinləşdikdən sonra isə ABŞ-da bir çox siyasətçi, o cümlədən konqresmenlər İranın HƏMAS-a mümkün dəstəyinə görə Tehrana neft ödənişlərini yenidən dondurmağa çağırış ediblər.
Rəsmi Tehran isə HƏMAS-la heç bir əlaqəsinin olmadığını bildirib.
Qeyd edək ki, ixrac neftinə görə Cənubi Koreya İrana təxminən 7 milyard ABŞ dollar ödəniş etməlidir. Həmin vəsait İsveçrə bankları vasitəsilə Qətər banklarında İran bankları üçün açılmış hesaba qoyulub. İran ABŞ Maliyyə Nazirliyinin müsbət rəyi əsasında həmin vəsaitlərdən əsas əmtəələr, dərman və sair mallar almalı idi.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin