İRAN RUSİYANIN TƏKLİFİNİ QƏBUL ETMƏDİ
Rusiya uranı öz ərazisində saflaşdırmaq, sonra isə onu Buşerdə Rusiya mütəxəssislərinin tikdikləri atom elektrik stansiyasına göndərmək təklifi irəli sürmüşdür.
İran XİN-in rəsmi nümayəndəsi Həmid Rza Asəfi Tehranda mətbuat konfransında bildirmişdir ki, onun ölkəsi uranın saflaşdırılmasını ancaq öz ərazisində təşkil etməyə razıdır. O demişdir ki, “İranın nüvə proqramını onun öz ərazisində həyata keçirmək üçün xarici dövlətlərin iştirakı ilə konsorsium yaradılması barədə Prezident Mahmud Əhmədinejadın təklifi yaranmış vəziyyətdən çıxışın optimal yoludur”.
RF XİN-in məlumatına görə, dekabrın 24-də ölkənin Tehrandakı diplomatik nümayəndəliyi İran hökumətinə rəsmi nota verərək, təsdiqləmişdir ki, uranın saflaşdırılması üzrə müştərək Rusiya-İran müəssisəsi yaradılması haqqında təklif qüvvədə qalır. Məlumatda deyilir: “Bu təklif İranın nüvə proqramı ilə bağlı vəziyyətin siyasi-diplomatik yollarla nizama salınması üçün qarşılıqlı məqbul qərarlar axtarışına Rusiyanın töhfəsidir”.
Məlum olduğu kimi, ABŞ bundan ehtiyatlandığını dəfələrlə bildirmişdir ki, İran hökuməti uranın saflaşdırılmasından nüvə silahı istehsalı üçün istifadə etmək niyyətindədir. Tehran isə təkidlə nəzərə çarpdırır ki, İranın nüvə proqramı ancaq dinc məqsədlər üçün zəruridir və nüvə yanacağının zənginləşdirilməsi elektrik enerjisi istehsalını daha səmərəli etməyə imkan verəcəkdir.
Avqustda İran nüvə yanacağının emalı işlərinə yenidən başlamış və öz nüvə proqramı haqqında Avropa İttifaqı ilə danışıqları dayandırmışdır. Noyabrda isə İran parlamenti BMT inspektorlarının ölkənin nüvə obyektlərinə buraxılmasının əleyhinə səs vermişdir.
Buna baxmayaraq, ABŞ və Avropa ölkələri İranın nüvə proqramı məsələsini BMT Təhlükəsizlik Şurasının müzakirəsinə hələ verməmək barədə razılığa gəlmişlər.
Əgər bu məsələ BMT TŞ-nin müzakirəsinə, hər halda, verilərsə, İran qanunvericiləri uranın saflaşdırılması işlərini sürətləndirməklə hədələyirlər. BMT Tehrana qarşı iqtisadi sanksiyalar tətbiq etmək hüququna malikdir. Lakin BMT TŞ-də veto hüququ olan Rusiya İran barəsində sanksiyalar tətbiq ediməsinin əleyhinədir. Rəsmi Moskva bildirir ki, İran nüvə silahı istehsal etmək niyyətində deyildir və RF onun atom proqramına yardım göstərmək hüququnu qoruyur.