İRANLI REJİSSOR DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ HAQQINDA FİLM ÇƏKMİŞDİR
Səfirlikdən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, ötən il iranlı kinorejissor, əslən azərbaycanlı olan Babək Şirinsifətlə danışıqlar aparılmış və Dağlıq Qarabağ müharibəsi mövzusunda film çəkmək üçün onun rəhbərlik etdiyi qrupun Bakıya getməsi razılaşdırılmışdı. Bundan məqsəd Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin İran ictimaiyyətinə iranlı kinorejissorun dili ilə çatdırmaq idi.
Bakıda olarkən səfir Abbasəli Həsənovun iştirakı ilə Şirinsifətin xarici işlər naziri Vilayət Quliyev və Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşləri keçirilmiş və bu məsələ ilə bağlı fikir mübadiləsi aparılmışdır. Onların birbaşa köməyi ilə rejissor Şirinsifətin rəhbərlik etdiyi çəkiliş qrupu ötən ilin avqust ayında çadır şəhərciklərində olmuş, qaçqınların gündəlik qayğıları və erməni silahlılarının bu insanların başına gətirdikləri dəhşətlərlə bağlı acı xatirələrini lentə almışdır.
Ötən ilin noyabr ayında səfirlikdə filmə baxış keçirilmiş, kinolent müzakirə olunaraq qənaətbəxş hesab edilmiş, Azərbaycan xalqının mentalitetinə uyğun olmayan və rejissorun şəxsi təxəyyülünün məhsulu olan bəzi kadrların çıxarılması tövsiyə edilmişdir. Sonralar həmin kadrlar filmdən çıxarılmışdır.
Cəmi yarım saatlıq “Sıfır saatın qatarı” adlanan bu sənədli film bəzi nöqsanlarına baxmayaraq, böyük əhəmiyyətə malikdir. Ən azı ona görə ki, film İran kinorejissoru tərəfindən çəkilmişdir və İran ictimaiyyətinin ixtiyarına veriləcəkdir. Onu da qeyd edək ki, film bu il yanvarın 12-də Tehranda keçirilmiş sənədli filmlər festivalında birinci yer tutmuş və İranın kino xadimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Festivaldan sonra filmin nümayişi üçün İranın “Səda və Sima” dövlət televiziyasından və xarici ölkələrin bəzi özəl kanallarından rejissor Şirinsifətə müraciət olunmuş və müqavilə bağlamağa hazır olduqları bildirilmişdir.