“İRƏLİ” ÜMUMRESPUBLİKA GƏNCLƏR HƏRƏKATI PARLAMENT SEÇKİLƏRİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
Hərəkatın təsisçilərindən Elnur Məmmədov və Ceyhun Osmanlı bildirmişlər ki, parlament seçkiləri ölkəmizin demokratik inkişaf yolunda irəliyə atdığı daha bir sanballı addımdır. Bizə ən xoş təsir edən budur ki, Azərbaycan xalqı Milli Məclisdə onun maraqlarını, mənafeyini müdafiə edə biləcək namizədlərə səs vermək üçün seçkilərə həvəslə qatılmışdır. Həm də fərəhli haldır ki, bu seçkilərdə xeyli gəncin namizədliyi irəli sürülmüş və sözsüz ki, onların ən layiqliləri Milli Məslisdə mütləq təmsil olunacaqlar. Hərəkatımız Prezident İlham Əliyevin siyasətini, onun həyata keçirdiyi islahatlar kursunu birmənalı dəstəkləyir.
Prezidentin “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” və “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 2005-ci il 11 may və 25 oktyabr tarixli Sərəncamları əsasında ölkəmizdə azad, demokratik, səffaf seçkilərin keçirildiyini vurğulayan natiqlər, seçkilər zamanı bəzi yerlərdə məmur özbaşınalıqlarının olduğunu da söyləmiş, bunun nəticəsində Sabirabad və paytaxtın Suraxanı rayonlarının icra hakimiyyəti başçılarının vəzifələrindən azad edildiklərini diqqətə çatdırmışlar.
Natiqlər bəzi müxalifət qüvvələrinin ölkəmizdəki sabitliyi pozmaq üçün dəridən-qabıqdan çıxdıqlarını, onların gənclərin arasına nifaq salmaq niyyətlərini pisləmişlər. Qeyd edilmişdir ki, respublikamızda sabitlik və əmin-amanlıq pozularsa, onda heç bir uzunmüddətli iqtisadi artım perspektivindən söz gedə bilməz. Prezident İlham Əliyevin ətrafında sıx birləşmiş biz gənclər heç vaxt imkan vermərik ki, Vətənimizin parlaq gələcəyini görmək istəməyən qüvvələr öz şəxsi xudbin məqsədlərinə çatmaq üçün dövlətimizdə sabitliyi zorakılıqla pozsunlar.
Sonda hərəkatın üzvləri sualları cavablandırmışlar.