İSFƏNDİYAR VAHABZADƏ: “ÖLKƏLƏRİMİZİ HƏR ŞEYDƏN ƏLAVƏ, ÇOXMİLLƏTLİLİK DƏ BİRLƏŞDİRİR”
Bakı, 29 sentyabr (AZƏRTAC). Azərbaycanın Moldovadakı səfiri İsfəndiyar Vahabzadə Kişinyovda keçirilən “Müxtəliflikdən birliyə” IX etnomədəniyyət festivalında demişdir: “Ölkələrimizi hər şeydən əlavə, çoxmillətlilik də birləşdirir”. Moldovanı milliyyətindən asılı olmayaraq öz vətəni hesab edənlərlə birlikdə Azərbaycan diasporunun nümayəndələri bu dostluq bayramının təşkilində fəal iştirak etmişlər.
Etnofestivalda çıxış edənlər bildirmişlər ki, Avropa İttifaqının “Müxtəliflikdən birliyə” şüarı Moldovada artıq çoxdan tətbiq edilir. Festival isə etnoslararası münasibətlərin yaxşılaşdırılmasına kömək edir, milli azlıqların mədəniyyətlərini, adət-ənənələrini qoruyub saxlaması üçün şərait yaradır.
Festivalda ölkəmizi Moldova Azərbaycanlıları Konqresi təmsil etmişdir. Konqresin təşkil etdiyi “Azərbaycan evi”nə 800-dən çox qonaq gəlmişdi. Bu, festivalda ən yüksək göstəricidir. Azərbaycanla bağlı hər şeyə böyük maraq göstərilməsinin səbəbi aydındır: rəngarəng milli geyimlərimiz, həm Moldova, həm də Azərbaycan artistlərinin ifasında ritmik rəqslərimiz, qəlb oxşayan musiqimiz bayram iştirakçılarının diqqətini cəlb etməyə bilməzdi. Azərbaycan mətbəxi isə dünyanın ən ləziz mətbəxlərindən biridir. Festivalda Azərbaycan xörəklərinə laqeyd qalan olmamışdır. Ənənəvi kabablarımızın, paxlavanın, şəkərburanın dadına baxmaq istəyənlər çox idi. “Azərbaycan evi”ndə qonaqları səfir və onun xanımı Leyla Vahabzadə, Azərbaycan icmaları konqresinin sədri Vüqar Novruzov qarşılamışlar. Qonaqlar arasında Moldova Elmlər Akademiyasının prezidenti akademik George Duka, parlamentin deputatları da var idi. Qonaqlardan birinin - şair İon Xadırkanın kitabını Azərbaycan səfiri özünün stolüstü kitabı hesab edir. Azərbaycan mətbəxi Moldovada yaşayan 40-dan çox millətin nümayəndəsi arasında çox sevilir. Onlar moldovanlar, ukraynalılar, ruslar, belaruslar, qaqauzlar, bolqarlar, gürcülər, qaraçılar, yəhudilər, polyaklar, litvalılar, estonlar, yunanlar və başqalarıdır. Milli azlıqların hər biri festivalda öz mədəniyyətini, incəsənətini və mətbəxini nümayiş etdirmişdir.
Çoxmillətlilik Azərbaycan ilə Moldovanı yaxınlaşdıran səciyyəvi cəhətlərdən biridir. Ölkələrimizdə azsaylı xalqlara və diasporlara səmimi münasibət bəslənir. Bunun səbəbi mədəniyyətlərimizin və mentalitetimizin oxşarlığıdır. Səfirliyimiz təkcə azərbaycanlıların deyil, həm də digər millətlərdən olan yerli sakinlərin Azərbaycan, onun tarixi, ədəbiyyatı, bu günü barədə məlumat alması üçün şərait yaradır. İki il əvvəl diplomatik nümayəndəliyimizin səyləri sayəsində Moldovada ilk Azərbaycanın Öyrənilməsi Mərkəzi açılmışdır. İkinci belə mərkəzin açılışı üçün hazırlıq işləri başa çatdırılır. Səfirliyimiz bu mərkəzləri lazım olan avadanlıq və ədəbiyyatla təchiz etmişdir. Səfir, filologiya elmləri doktoru, professor İsfəndiyar Vahabzadə dəfələrlə mərkəzdə mühazirələr oxumuşdur.
Şübhəsiz ki, bu tədbirlər təkcə xalqlarımız arasında dostluğun deyil, dünyada sülhün möhkəmlənməsinə kömək edəcəkdir.