İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb
İmişli, 3 mart, AZƏRTAC
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi şəxslərin işğaldan azad olunmuş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 3-ü gecə saat 4 radələrində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 7 avtomobildə olan 11 nəfəri saxlayaraq Füzuli Rayon Polis Şöbəsinə gətiriliblər.
Araşdırmalarla onların Füzuli rayonunun Zobucuq qəsəbə sakinləri R.Əsədov, C.Şükürov, M.Məhərrəmov, Ş.Süleymanov, İ.Mahmudov, N.Əmirov, C.Məmmədov, Z.Orucov, F.Alışov, A.Quliyev və S.Əsədov olmaları müəyyənləşdirilib.
Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.