İslam Konfransi Təşkilatina üzv ölkələrin “beyin mərkəzləri”nin III forumu 2012-ci ildə Bakıda keçiriləcəkdir
Bakı, 1 aprel (AZƏRTAC). Martın 30-dan 31-dək Türkiyənin İstanbul şəhərində keçirilmiş İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin “beyin mərkəzləri”nin “İctimai diplomatiya” mövzusunda II forumunda Azərbaycanın nümayəndə heyəti bir sıra maraqlı təkliflərlə çıxış etmişdir.
Forumda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzini (SAM) təmsil edən aparıcı elmi işçi Cavid Vəliyev İKT-yə üzv ölkələrin “beyin mərkəzləri”nin III forumunun 2012-ci ildə Bakıda keçirilməsini təklif etmişdir. Bu məsələ İKT-yə üzv ölkələrin “beyin mərkəzləri”nin Forumunun Bəyannaməsinin 11-ci maddəsində öz əksini tapmışdır. Maddədə qeyd olunur ki, İKT-yə üzv ölkələrin “beyin mərkəzləri”nin III forumuna Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ev sahibliyi edəcəkdir. Tədbirin gələn il martın 1-2-də Bakıda keçirilməsi qərara alınmışdır.
C.Vəliyev vurğulamışdır ki, İKT-yə üzv ölkələri sırasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistana dəstək verənlər də vardır. Bu isə beynəlxalq hüququn normalarının və prinsiplərinin pozulması deməkdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli İKT-yə üzv ölkələri üçün də əsas problemlərdən bir olmalıdır.
SAM təmsilçisi, həmçinin İKT-yə üzv ölkələrin arasında elmi komissiyanın yaradılmasının, eləcə də elmi jurnalın nəşr olunmasının vacibliyini vurğulamışdır.
Bundan əlavə, forumda “beyin mərkəzləri”nin nümayəndələrinin ixtisas sahələri üzrə keçirilmiş yığıncaqlarda vətəndaş cəmiyyəti çərçivəsində regional və qlobal miqyasda siyasi, mədəni və iqtisadi inkişafın yaxından izlənilməsi, aktual və gələcəyə dair konstruktiv dialoqların artırılması məsələləri müzakirə edilmişdir.