İsmayıllıda “Erkən nikaha yox deyək!” adlı sosial aksiya böyük maraqla qarşılanıb
İsmayıllı, 27 aprel, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin təşkilatçılığı ilə erkən nikahın sosial problem olduğunu geniş ictimaiyyətə çatdırmaq məqsədilə “Erkən nikaha yox deyək” adlı sosial aksiya keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı yetkinlik yaşına çatmayan qızların məcburi nikaha daxilolma hallarının valideyn tərəfindən uşaqlara qarşı törədilən zorakılıq olduğu, bu problemin yeniyetmə qızların gələcək həyatı üçün ciddi fəsadlara səbəb ola biləcəyi maraqlı üsulla ictimaiyyətə çatdırılıb. Belə ki, gənc qız insanların sıx olduğu yerdə bir əlində kitab, bir əlində hana dayanaraq oradan keçənlərə mesaj verib. Habelə, qızların “Erkən nikaha yox deyək!”, “Hüquqlarımı pozmayın!”, “Mən oxumaq istəyirəm!” kimi sosial mesajları geniş ictimaiyyət arasında maraqla qarşılanıb.