İsmayıllıda “İlham Əliyev qətiyyəti - 8 noyabr Zəfər Günü” mövzusunda onlayn konfrans keçirilib
İsmayıllı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də İsmayıllıda “İlham Əliyev qətiyyəti - 8 noyabr Zəfər Günü” mövzusunda onlayn konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, konfransda Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının siyasi şurasının, gənclər birliyinin, qadınlar şurasının üzvləri, şəhid ailələri, qazilər və rayonun ziyalıları iştirak ediblər.
Onlayn konfransı YAP rayon təşkilatının sədri Sevil Əhmədova açaraq tədbirin Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ad gününə təsadüf etdiyini diqqətə çatdırıb. Bu münasibətlə ölkə başçısını təşkilatın üzvləri adından təbrik edib, Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbənin tarixi əhəmiyyətini vurğulayıb. Bu gün Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan torpaqları azad edilib. Dövlətimizin başçısının prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi bizi düzgün hədəflənmiş uğura doğru aparıb. Azərbaycanın qazandığı bu Qələbə, sadəcə, 44 günlük müharibənin nəticəsi deyil. Belə ki, 17 illik fəaliyyəti dövründə Prezident İlham Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasət nəticəsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı hüquqi baza yaradılıb, dünyada Azərbaycan haqqında obyektiv fikir formalaşdırılıb. Qələbəmiz bir daha Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir gücün, silahın dayana bilməyəcəyini göstərdi. Prezident İlham Əliyevin dediyi kimi, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi və bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirib. Göründüyü kimi, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də regionda tamamilə yeni bir reallıq yaradıb.
Onlayn konfransda dövlət qulluğu veteranı Valeh Salehov, şəhid atası Fuad Tağıyev, YAP rayon təşkilatının sədr müavini Zaur Muradov, İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Faxtıyev, şura üzvü Xavər Allahverdiyeva və başqaları doğma Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığını vurğulayıblar. Qeyd olunub ki, 30 il davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılması müasir tariximizin ən möhtəşəm hadisəsidir. Heç şübhə etmirik ki, savaş meydanında əldə etdiyimiz tarixi Qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir.
Tədbirin sonunda E.Məmmədov adına İsmayıllı şəhər 3 saylı tam orta məktəbin şagirdi Aynur Əhmədlinin Müzəffər Ali Baş Komandana həsr edilmiş şeiri konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib.