İsmayıllıda karantin qaydalarını pozan icarədar və müştərilər cərimələnib
Bakı, 3 iyul, AZƏRTAC
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları respublikada elan edilmiş karantin rejimi qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları şəhər ərazisində xidmət aparan zaman karantin qaydalarının pozulduğu oyun zalı aşkarlayıblar. İçərilərində azyaşlılar da olmaqla 20-yə yaxın şəxsin “play station” zalında tibbi maskadan istifadə etmədən, eləcə də ara məsafəsini gözləmədən əyləşdikləri müəyyən olunub. Obyekti işlədən şəxsə və müştərilərə sağlamlıqlarını qorumaları üçün qaydalara riayət etmələrinin vacibliyi diqqətə çatdırılıb.
İcarədar və on beş müştəri barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.