DÜNYA
İsrail Qəzzada atəşkəs razılaşmasının yeni variantını təklif edib
Bakı, 20 dekabr, AZƏRTAC
İsrail HƏMAS hərəkatı ilə atəşkəs razılaşmasının yeni variantını təklif edib. Təl-Əviv Qəzza sektorunda saxlanılan 30-dan çox girovun azad edilməsi müqabilində birhəftəlik atəşkəs rejiminə razıdır.
AZƏRTAC xəbər verir ki, Axios portalı bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, İsrail kəşfiyyat xidmətinin rəhbəri David Barnea bazar ertəsi günü Varşavada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns və Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə danışıqlar aparıb. İsrail tərəfi danışıqlar zamanı sülh sazişinin bərpa edilməsi ilə bağlı təşəbbüs qaldırıb. David Barnea Fələstin eksklavından qadınların, 60 yaşdan yuxarı kişilərin və təcili tibbi yardıma ehtiyacı olan girovların azad edilməsini təklif edib.
Portal yazır ki, Təl-Əviv onların azadlığa buraxılması müqabilində Qəzza sektorunda hərbi əməliyyatları ən azı bir həftə dayandırmağa, həmçinin bəzi fələstinli məhbusları azad etməyə hazırdır.
Qeyd edək ki, dekabrın 19-da İsrail Prezidenti İsxaq Hersoq Qəzza sektorunda saxlanılan girovların azad edilməsini təmin etmək üçün növbəti humanitar fasiləyə və eksklav əhalisinə humanitar yardımın həcminin artırılmasına hazır olduğunu bildirib.