İstanbulda Fərid Kazakovun adını daşıyan VI Beynəlxalq çoxjanrlı festival keçirilib
Bakı, 27 dekabr, Günel Alıyeva, AZƏRTAC
İstanbulda Fərid Kazakovun adını daşıyan VI Beynəlxalq çoxjanrlı festival keçirilib.
Festival tədbirləri İstanbulun Üsküdar bələdiyyəsinin səhnəsində təşkil olunub. Proqramda Türkiyədən və xaricdən olan iştirakçılar xoreoqrafiya və səhnə sənətinin müxtəlif istiqamətlərini təqdim ediblər.
Festivalın təşkilatçısı olan tanınmış azərbaycanlı və rusiyalı rəqqas Fərid Kazakov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, bu miqyasda layihənin İstanbulda ikinci ildir ardıcıl keçirilməsi böyük zəhmət tələb etsə də, yaradıcı insanları bir araya gətirmək və parlaq mədəni mühit yaratmaq xüsusi sevinc bəxş edir.
“Festivalın əsas məqsədlərindən biri Azərbaycan incəsənətinin və mədəniyyətinin təbliğidir. Proqram çərçivəsində Türkiyədən olan yetirmələrimlə birlikdə balet fraqmentləri əsasında hazırlanmış Azərbaycan tamaşalarını, eləcə də müasir nömrələri təqdim etdik”, – deyə həmsöhbətimiz qeyd edib.
Təşkilatçı festivalın keçirilməsinə göstərilən dəstəyə və əməkdaşlığa görə Üsküdar bələdiyyəsinə minnətdarlığını bildirib. O, həmçinin layihənin keçirildiyi Avropa Mədəniyyət Assosiasiyasının, eləcə də festivalın tərəfdaşları olan “Elita Gymnastik Sport Club” və “Kazakov International Academy”nin töhfəsini vurğulayıb.
“Fəaliyyətim vasitəsilə Türkiyənin və digər ölkələrin uşaqlarını, müxtəlif xalqların mədəniyyətlərini bir araya gətirə bilməyimdən və hər şeydən əvvəl Azərbaycanın mədəniyyətini və incəsənətini tanıda bilməyimdən xoşbəxtəm”, – deyə sənətkar vurğulayıb.
Fərid Kazakov rəqs üzrə dünya çempionu, ali kateqoriyalı pedaqoq, Bakı Xoreoqrafiya Akademiyasının və Moskva Dövlət Mədəniyyət İnstitutunun məzunu, bir sıra beynəlxalq və milli mükafatların sahibidir. O, eyni zamanda Avropa Mədəniyyət Assosiasiyasının fəxri üzvü olub, Azərbaycanın və Türkiyənin səfiri statusunu daşıyır.