İSTANBULDA ŞƏRQ-QƏRB ENERJİ DƏHLİZİNİN TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ SİMPOZİUM KEÇİRİLMİŞDİR
Türkiyənin getdikcə artan enerji tələbatının ödənilməsi məsələsinə toxunan Baş nazir bildirmişdir ki, 2015-ci ilədək ölkədə 3 atom elektrik stansiyası tikiləcəkdir.
Bakı-Tbilisi-Ceyhan boru kəmərini bütün enerji layihələrinin “anası” adlandıran Türkiyə mütəxəssisləri bütün layihələr başa çatdıqdan sonra, yəni 2010-cu ildən Ceyhan limanından ildə 160 milyon ton xam neft, habelə Rusiya, Misir, İraq və Azərbaycan qazının nəql olunacağını, burada maye qaz terminalları və neft emalı zavodları tikiləcəyini, limanın dünya enerji bazarının ən önəmli mərkəzlərindən birinə çevriləcəyini vurğulamışlar. Bildirilmişdir ki, iyunun 28-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə təhlükəsizlik məsələlərinə dair konfrans keçiriləcəkdir. Xatırladaq ki, 1-ci konfrans 2005-ci ilin oktyabrında Ankarada baş tutmuşdur.