İstanbuldakı Avrasiya İqtisadi Zirvə toplantısında Azərbaycanın enerji siyasətinin istiqamətlərindən danışılıb
İstanbul, 8 iyul, AZƏRTAC
Azərbaycanın dəstəyi və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə İstanbulda keçirilən XXIV Avrasiya İqtisadi Zirvə toplantısı çərçivəsində “İnsan cəmiyyətinin ortaq gələcəyi üçün enerji mühitini daha yaxşı vəziyyətə gətirmək” mövzusunda panel iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə SOCAR-ın çoxistiqamətli fəaliyyəti və enerji istehsalı sahəsindəki layihələrinə dair təqdimatı olub.
Azərbaycan energetika nazirinin müavini Samir Vəliyev ölkəmizin enerji siyasəti, bu sahədəki yeniliklər, perspektivdə olan layihələr barədə ətraflı məlumat verib. "Yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi üçün regional maliyyə alətinin yaradılması məsələlərinin vacibliyinə toxunan nazir müavini bildirib ki, dünyada enerjiyə sürətlə artan tələbat bu sahədə ortaq əməkdaşlığı zərurətə çevirir. Yeni enerji mənbələrinin müəyyən edilməsi prioritet vəzifədir. Enerji tələbatındakı çatışmazlıqların təmin edilməsi alternativ enerji mənbələrindən səmərəli istifadəyə bağlıdır. Bu mənada ekoloji baxımdan təmiz enerjiyə keçid mühüm əhəmiyyət daşıyır.
Nazir müavini çıxışında işğaldan azad olunan ərazilərimizdə, Qarabağ bölgəsində enerji mənbələrindən səmərəli istifadə edilməsi ilə bağlı görülən işlər barədə iştirakçılara müfəssəl məlumat verib.
Sonra Vyana İqtisadiyyat Forumunun baş katibi Elena Kırtcheva, Özbəkistanın Strateji İnkişaf Mərkəzinin icraçı direktoru Eldar Tulyakov, Rumıniya senatının sabiq sədri Teodor Melescanu, Cənubi Afrika parlamentinin deputatı Zolani Mkıva mövzu ətrafında fikirlərini bölüşüblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul