İstehlak üçün yararsız energetik içkilər məhv edilib
Bakı, 4 dekabr, AZƏRTAC
Ölkəmizə idxal olunan “Nitro Max” energetik içkilərində qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən təhlükəli maddə aşkarlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən “Orxan 011” MMC tərəfindən idxal olunmuş “Nitro Max” əmtəə nişanlı energetik içki məhsul partiyasından laborator sınaqların aparılması üçün nümunələr götürülərək müvafiq sınaq laboratoriyasına təqdim edilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sınaq nəticələrinə əsasən, məhsullarda dərman vasitələrinin tərkibində istifadə olunan və qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən Sildenafil maddəsi aşkar edilib.
Qeyd edək ki, Sildenafil maddəsi bəzi orqan və sistem xəstəliklərinin müalicəsində istifadə olunur. Həkim nəzarəti olmadığı halda insan həyatı və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlar törədə bilər.
Uyğunsuzluq müəyyən edilən məhsul partiyaları barəsində qanunvericiliyə uyğun qərarlar qəbul olunub. Ümumi sayı 4800 ədəd olan energetik içki sahibkarın və agentlik əməkdaşlarının iştirakı ilə xüsusi poliqonda məhv edilib.