İstehlakçılara 461,2 milyon manat ƏDV məbləği qaytarılıb
Bakı, 29 sentyabr, AZƏRTAC
2023-cü ilin yanvar-avqust ayları ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 99,7 milyon manatı geri qaytarılıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qaytarılmış vəsaitin 70,3 faizi nağdsız, 29,7 faizi isə nağd qaydada alınmış mallara görə ödənilmiş ƏDV məbləğidir.
Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün “edvgerial.az” portalında 2,4 milyona yaxın istifadəçi qeydə alınıb. “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2023-ci il sentyabrın 1-dən portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 1 milyarddan çox kassa çeki üzrə 461,2 milyon manat ƏDV məbləği geri qaytarılıb.