İsveçin Höteburq şəhərində Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimi keçirilib
Stokholm, 24 fevral, AZƏRTAC
İsveçin Höteburq şəhərində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Şəhərdə fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçılığı ilə keçirilən mərasimində Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.
Höteburq Azərbaycan Evinin rəhbəri Rasim Cabbarov Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış Xocalı soyqırımı barədə tədbir iştirakçılarına məlumat verib. O, 23 il əvvəl Xocalıda erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qırğın nəticəsində 613 nəfərin insanlığa sığmayan şəkildə qətlə yetirildiyini, yüzlərlə günahsız azərbaycanlının şikəst olduğunu və əsir götürüldüyünü bildirib.
Digər çıxış edənlər Xocalı soyqırımının azərbaycanlılara qarşı illər boyu yürüdülən siyasətin əsl mahiyyətini açıqladığını söyləyiblər. Çıxışçılar İsveç ictimaiyyətinin Azərbaycanda baş verən qanlı hadisələr barədə daha çox məlumatlandırılmasının vacibliyini qeyd ediblər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm