İsveçli demokratlar islam rəmzlərinə qadağa qoymaq təklifi ilə çıxış ediblər
Stokholm, 23 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC
Riksdaqın (İsveç parlamenti) ədliyyə komitəsinin sədri, “İsveç demokratları” ultrasağçı millətçi partiyasının rəhbəri Riçard Yumshof islam rəmzlərinə qadağa qoymaq təklifi ilə çıxış edib. Lakin partiyanın konkret təklifləri yoxdur.
AZƏRTAC xəbər verir ki, “İsveç demokratları” islamın İsveç cəmiyyəti və bütövlükdə Qərb dünyası üçün təhlükə olması barədə fikrini artıq çoxdan və ucadan bəyan edir. Ötən ilin noyabrında partiyanın lideri Cimmi Okesson bildirmişdi ki, antidemokratik ekstremizmi inkişaf etdirən məscidlər dağıdılmalıdır.
“Aypara, minarələr kimi müsəlman rəmzləri cəmiyyətin gözündən uzaqlaşdırılmalıdır”, - deyə Okesson qeyd edib.
Onun partiyada həmkarı Riçard Yumshof “Aftonbladet” qəzetinə müsahibəsində analoji fikirlər ifadə edir. O da Okesson kimi islam və islamçılıq arasında müqayisə aparır. Aypara rəmzinin svastika kimi qanunsuz ola biləcəyi barədə suala Yumshof müsbət cavab verir.
“Aşkardır ki, minarələr, aypara islamın nəyi təmsil etdiyinin rəmzləridir. Bir çoxları, o cümlədən mənim üçün də bu, çox təhlükəli bir şeyi təmsil edir. Buna bənzər məhdudiyyət sözsüz ki, irəliyə atıla bilən addımdır. “Əgər siz dini tənqid edirsinizsə, o halda dini azadlığa qarşı çıxış edirsiniz” kimi stereotipləri qırmalıyıq”, - deyə Yumshof müsahibəsində qeyd edib.
Dini icmalara dəstək idarəsinin başçısı İsak Rayhel islam rəmzlərindən istifadənin məhdudlaşdırılmasına reaksiya verərək deyib: “Aypara islamın rəmzidir. Bu, siyasi islamçılığın rəmzi deyil. O, bizim idarənin loqotipində David ulduzu, xaç və hindu rəmzləri ilə yanaşı yer alıb. Onlar birlikdə çoxmillətli İsveçi təmsil edirlər”.