İtaliya A seriyası : Roma derbisinde "Canavarlar" qalib gəliblər
Bakı, 21 mart, AZƏRTAC
Martın 20-də futbol üzrə İtaliya A Seriyasının 30-cu turunun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, "Olimpiko" stadionunda "Roma" klubu "Latsio" komandası ilə üz-üzə gəlib.
Görüş "Roma"nın inamlı qələbəsi ilə yekunlaşıb - 3:0.
Romalıların heyətində Tommi Abraham (1, 22) və Lorenso Pelegrini (40) fərqləniblər.
Bu nəticədən sonra xal ehtiyatını 51-ə çatdıran "Roma" beşinci, "Latsio" isə 49 xalla 7-ci yerdə qərarlaşıb.
Ötən gün üçüncü pillədə qərarlaşan "İnter" öz meydanında səkkizinci pillədə qərarlaşan "Fiorentina" klubunu qəbul edib.
" Cüzeppe Meatsa" stadionunda təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib.
Oyunda hesabı qonaqlar matçın 50-ci dəqiqəsində açıb. Florensiya təmsilçisinin heyətində Lukas Torreyra fərqlənib.
Hücumların kəsərini artıran milanlılar qoldan 5 dəqiqə sonra hesaba tarazlıq gətiriblər. Denzel Dumfris adını tabloya yazdırıb.
Bu nəticədən sonra "İnter" 29 oyundan sonra xalını 60-a çatdıraraq, üçüncü pillədə qalıb. "Fiorentina" isə 29 görüşdən sonra 47 xalla səkkizinci pillədə yer alıb.
"Napoli" öz meydanında "Udineze" klubunu qəbul edib.
"Dieqo Armando Maradona" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı qonaqlar matçın 22-ci dəqiqəsində açıb. Udine təmsilçisi heyətində Jerar Delafeo fərqlənib.
Fasilədən sonra hücumlarını artıran neapollular ardıcıl iki dəfə fərqlənərək A Seriyasının başa çatmasına 9 tur qalmış vacib qələbə qazanıb. "Napoli"nin heyətində hər iki qolu Viktor Osimen vurub. Bu nigeriyalı futbolçunun cari mövsüm İtaliya çempionatında vurduğu 11-ci qol olub.
Bununla da "Napoli" 30 oyundan sonra xallarını 63-ə çatdıraraq, ikinci pilləyə yüksəlib. "Udineze" isə 28 görüşdən sonra 30 xalla 14-cü yerdədir.
Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
"Venesiya" - "Samdoriya" - 0:2;
"Empoli" - "Verona" - 1:1;
"Yuventus" - "Salernitana" - 2:0;
"Cenoa" - "Torino" - 1:0;
"Kalyari" - "Milan" - 0:1.