İtaliya-Azərbaycan əlaqələrinin inkişafı Avropa üçün mühüm perspektivlər yaradır - Deputat
Bakı, 13 fevral, AZƏRTAC
Bəlli olduğu kimi Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər, eyni zamanda, yeni reallıqlar yaratdı. Həmin reallıqlar fonunda Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır. Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin Azərbaycan Prezidenti ilə müxtəlif platformalarda keçirilən görüşləri, həmçinin qarşılıqlı səfərlər zamanı səslənən fikirlər ölkənin beynəlxalq nüfuzundan xəbər verir. Təbii ki, Azərbaycanın etibarlı tərəfdaş olması, ayrı-ayrı Avropa ölkələri ilə qurulan və milli maraqlara xidmət edən tərəfdaşlıq əlaqələri də dövlətimizin nüfuzunun artmasında öz rolunu oynayır.
Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov AZƏRTAC-a açıqlamasında deyib.
Azərbaycan-İtaliya əlaqələrini xüsusi vurğulayan deputat deyib: “Azərbaycan və İtaliya strateji tərəfdaş olan dost ölkələrdir. Vətən müharibəsi dövründə İtaliya Azərbaycanla həmrəylik göstərdi. Biz bu həmrəyliyi həm İtaliya rəsmilərinin bəyanat və açıqlamalarında, həm də İtaliya mediasının həmin günlər məsələyə obyektiv yanaşmasında müşahidə etdik”.
V.İskəndərov deyib ki, Prezident İlham Əliyevin 2022-ci il sentyabrın 1-2-də İtaliyaya işgüzar səfəri bu əlaqələrin daha da dərinləşməsində növbəti addım oldu. Sentyabrın 1-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində dövlətimizin başçısı İtaliya-Azərbaycan əlaqələrinin mövcud vəziyyəti barədə geniş danışdı. Azərbaycan Prezidenti qeyd etdi ki, İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər.
Dövlətimizin başçısı onu da vurğulamışdı ki, ölkələrimiz Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı çərçivəsində fəal əməkdaşlıq edirik. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını güclü şəkildə dəstəkləyib. Prezident İlham Əliyevin müsahibəsində toxunduğu məsələlər göstərir ki, İtaliya-Azərbaycan əlaqələri bütün sahələri əhatə edir.
Deputat, həmçinin bu gün keçirilən İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Prezident İlham Əliyevin çıxışındakı fikirlərə toxunub. Deyib ki, dövlətimizin başçısının söylədiyi “Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. TAP layihəsi bizim birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. O cümlədən Avropanın yeni ehtiyaclarını nəzərə alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən, biz Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcəyik. Əlbəttə ki, burada TAP layihəsinin iki dəfəyədək genişləndirilməsi məsələsi gündəlikdədir” fikirləri mövcud reallığı ortaya qoyur. Yəni, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın, o cümlədən Avropanın maraqlarını təmin edir.
Bütün bunlar onu deməyə əsas verir ki, İtaliya ilə Azərbaycan arasında inkişaf edən əlaqələrdən təkcə bu iki dövlət deyil, eyni zamanda, bütün Avropa qitəsi faydalanacaqdır. Bu isə Azərbaycanın dünya miqyasında nüfuzunun daha da artdığını göstərir.