İtaliyada cinayət törədən yetkinlik yaşına çatmayanlar üçün cəzalar artırılıb
Roma, 9 sentyabr, AZƏRTAC
İtaliyada yetkinlik yaşına çatmayanların iştirakı ilə törədilən zorakılıq və cinayət aktlarına görə cəzalar artırılıb.
AZƏRTAC xəbər verir ki, yeni qəbul olunan fərman odlu silah və narkotik vasitə daşıyan azyaşlıların saxlanmasını asanlaşdırır, təhlükəsizlik qüvvələrinə onların telefonlarını müsadirə etmək hüququ verir. Fərmana görə, ictimai əyləncə məkanlarında iğtişaşlara qarışan, odlu silah daşıyan və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan azyaşlıları 1 ildən 5 ilədək həbs cəzası və 2 min avrodan 24 min avroyadək cərimə gözləyir. Həmçinin uşaqlarını məktəbə göndərməyən ailələr 2 ilədək həbs cəzası riski ilə üzləşəcək.
İtaliya Nazirlər Şurasının qəbul etdiyi fərmanı şərh edən Baş nazir Ciorcia Meloni bunu mühüm addım kimi qiymətləndirib, dövlətin mürəkkəb və həlli çətin olan problemlərin öhdəsindən gəlməsini asanlaşdırdığını deyib. C.Meloni azyaşlıların illərdir bu cür cinayətlərdə “qalxan” kimi istifadə olunduğunu da vurğulayıb.