İtaliyada Dantenin vəfatının 700 illiyi münasibətilə xatirə ilinə start verilib
Bakı, 6 sentyabr, AZƏRTAC
İtaliyada dahi şair və ədəbi italyan dilinin banisi Dante Aliqyerinin (1265-1321) vəfatının 700 illiyi münasibətilə xatirə ilinə start verilib.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı Sercio Mattarellanın da iştirak etdiyi rəsmi açılış mərasimi dahi şairin uyuduğu Ravenna şəhərində baş tutub. Mərasimdə Dantenin məzarı yerləşən sərdabənin restavrasiyadan sonra açılışı olub. Tədbirdə Dantenin ədəbiyyatda tutduğu yerlə yanaşı, onun ilahiyyatçı, tarixçı, filosof və siyasətçi kimi əhəmiyyəti də qeyd edilib. Onun bu günə kimi İtaliyada daşıdığı simvolik rolu da yüksək qiymətləndirilib.
Qeyd edilməlidir ki, “İlahi komediya“ poeması ilə dünya ədəbiyyatının şah əsərlərindən birini yaradan Dante Aliqyeri ədəbi italyan dilinin və Avropada İntibah dövrünün fəlsəfi düşüncəsinin formalaşmasında mühüm rol oynayıb. Sentyabr ayında Ravenna şəhərində və ölkənin digər şəhərlərində 2021-ci xatirə ili münasibətilə bir sıra tədbirlər keçiriləcəkdir.