İtaliyanın “İl giornale d'İtalia” qəzetində Azərbaycan səfirinin müsahibəsi dərc edilmişdir
Roma, 19 aprel (AZƏRTAC). İtaliyanın “İl giornale d'İtalia” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Vaqif Sadıqovun müsahibəsi dərc edilmişdir.
Səfir müsahibəsində Azərbaycanın sürətli iqtisadi inkişafı, ölkəmizin iştirakçısı olduğu enerji layihələri, İtaliya ilə əlaqələri barədə məlumat vermişdir. Qeyd etmişdir ki, dərin tarixi köklərə əsaslanan Azərbaycan-İtaliya əlaqələri bütün istiqamətlərdə, o cümlədən siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində yüksək səviyyədədir. İtaliya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. V.Sadıqov demişdir: “Münasibətlərimizin daha da dərinləşdirilməsi üçün geniş potensial vardır. Xeyli sayda italiyalı iş adamı Azərbaycana tez-tez səfər edərək ölkəmizdəki mövcud əlverişli biznes mühitindən yararlanmaq imkanı qazanır”.
Azərbaycan iqtisadiyyatının inkişafında enerji sektorunun xüsusi əhəmiyyətini vurğulayan səfir İtaliya ilə əlaqələrimizin bu baxımdan da önəm kəsb etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, uzun illərdir ölkələrimiz bir sıra enerji layihələrinin birgə iştirakçısıdır. Hazırda müvafiq istiqamətdə ən önəmli tədbirlərdən biri Trans-Adriatik (TAP) boru kəməri layihəsinin həyata keçirilməsidir. TAP-ın reallaşması nəticəsində marşrut boyu yerləşən ölkələrdə yeni iş yerlərinin açılması nəzərdə tutulmuşdur.
Azərbaycanın qısa müddətdə sürətlə inkişaf edərək investisiya yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrildiyini deyən səfir respublikamızın bu sahədə də İtaliya ilə birgə işlər görməkdə maraqlı olduğunu vurğulamışdır.
“Bakı-2015” ilk Avropa Oyunları haqqında danışan V.Sadıqov qeyd etmişdir ki, Azərbaycanda idmanın inkişafına dövlət tərəfindən daim diqqət və qayğı göstərilir. Tarixdə ilk dəfə Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin bu sahədə imkanlarını nümayiş etdirməsi baxımından əhəmiyyətlidir. Bu cür mötəbər tədbirə hazırlıqların yüksək səviyyədə aparıldığını deyən səfir Azərbaycanda “Bakı-2015” ilk Avropa Oyunlarının uğurla təşkil olunacağına əminliyini bildirmişdir.
Müsahibənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:
http://www.ilgiornaleditalia.org/news/esteri/854124/Azerbaijan--un-futuro-a-tutto.html
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma