İTALYAN MÜĞƏNNİ AL BANO KARRİZİNİN BAKIDA İLK KONSERTİ OLMUŞDUR
Al Bano “Addio Sicilia” adlı ilk mahnısını 12 yaşında ikən yazmışdır. Onun 1967-ci ildə buraxılmış “Nel Sole” adlı ilk valı 1 milyondan çox tirajla satılmışdır. Al Bano keçmiş arvadı Romina Poverlə birgə “Dialogo” adlı disk, “Fragile” və ”Fotografia di un momento” adlı albomlar buraxmışdır. İndiyədək görkəmli müğənninin 27 qızıl və platin albomu buraxılmışdır. Bu, Al Bano Karrizinin Azərbaycan tamaşaçısı ilə ilk canlı görüşü idi.
O, 100-dən çox ölkədə, o cümlədən ABŞ, Rusiya, CAR, Yunanıstan, İspaniya, Avstriya və Almaniyada konsertlər vermişdir. Lakin belə hərarətlə Al Banonu bəlkə də yalnız Vətənində, deyilənə görə, azərbaycanlılar kimi coşğun italiyalılar qarşılamışlar. Yüksək səviyyədə peşəkar musiqiçilərin müşayiəti ilə Bakı tamaşaçıları uzun illər sevə-sevə dinlədikləri mahnıları alqışlarla qarşılayır, müğənni ilə birlikdə zümzümə edirdilər. Konsertin son akordu isə “Feliçita” mahnısı oldu. Möhtəşəm salon bu həzin məhəbbət himnini ayaq üstə dinlədi.
Sonda konsertin təşkilatçıları qonağa Azərbaycan milli ornamentləri ilə bəzədilmiş və üzərində Al Bano Karrizinin portreti toxunmuş əl xalçası hədiyyə etdilər.