IX Kazan İƏT Gənc Sahibkarlarının Forumuna qeydiyyat başladı
Bakı, 1 fevral, AZƏRTAC
Bu il mayın 15-20-də Tatarıstan Respublikasının Kazan şəhərində Tatarıstan hökuməti, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, Tatarıstan Respublikası Gənclər Nazirliyinin və Tatarıstan Respublikası "Selet" Gənclər Fondunun birgə təşkilatçılığı, eləcə də Gənclər Diplomatiyası Akademiyası, “Sabah.lab”, Kazan IT Parkın və digər qurumların tərəfdaşlığı ilə İƏT Gənc Sahibkarların IX Beynəlxalq Forumunun keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, ənənəvi olaraq hər il Kazan şəhərində təşkil olunan “Rusiya və İslam dünyası” sammiti çərçivəsində keçiriləcək bu forumun əsas məqsədi həm İƏT məkanında yeni yaradılan startap layihələrinə dəstək vermək, həm də gənc sahibkarların fəaliyyətini stimullaşdırmaq, o cümlədən, Rusiya Federasiyası-İƏT ölkələri arasında iqtisadiyyat, ticarət və innovasiya sahəsində əməkdaşlığa töhfə verməkdir.
Forum çərçivəsində fevralın 1-dən martın 20-dək IT startap layihələri üzrə müraciətlərin qəbulu həyata keçiriləcək. Martın 20-dən aprelin 1-dək isə final mərhələsindən öncə seçilmiş layihə iştirakçıları üçün onlayn formatda beynəlxalq ekspertlərin keçəcəyi müxtəlif mövzular üzrə mühazirələr və təlimlər təşkil olunacaq. Təlimləri uğurla başa vuran startap layihələri bu il mayın 15-20-də Kazan şəhərində 5 gün ərzində təhsil sessiyaları və startap təqdimatları formatında təşkil olunacaq Forumun final mərhələsində iştirak hüququ əldə edəcəklər.
Tədbirin sözügedən final mərhələsində İƏT ölkələrini təmsil edəcək 35 ən yaxşı startap layihəsinin təqdimatı keçiriləcək və onların investorlar tərəfindən maliyyələşdirilməsi ilə bağlı qərar qəbul ediləcək. Startap layihələrində iştirak etmək istəyən şəxslər və komandalar bu link https://kazanoicstartups.org/2023#rec541270159 vasitəsilə qeydiyyatdan keçə bilərlər.