İXTİSASARTIRMA KURSLARININ NÖVBƏTİ BURAXILIŞI OLMUŞDUR
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, “Dövlət qulluğunun təşkilati əsasları və kadr siyasəti” proqramı üzrə keçirilən kurslarda icra hakimiyyəti orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri iştirak etmişlər.
Tədrisdən əsas məqsəd dövlət qulluğunun təşkili və dövlət hakimiyyəti orqanları heyətinin xidməti fəaliyyətinin müasir texnologiyalar əsasında idarə olunması sahəsində biliklərin sistemləşdirilməsi və dinləyicilərə yeni biliklər verməkdir.
Tədris-tematik plan dövlətin kadr siyasəti, kadr təminatının prinsipləri və mexanizmləri, Azərbaycanda dövlət qulluğunun hüquqi əsasları, dövlət qulluğu heyətinin attestasiyası, sənədlərlə işin təşkili, dövlət qulluğu heyətinin idarə olunmasının səmərəliliyi və onun yüksəldilməsi yolları, bu sahədə beynəlxalq təcrübə və digər məsələləri əhatə etmişdir.
Kurslarda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, ümumi şöbənin müdiri Süleyman İsmayılov, ədliyyə naziri Fikrət Məmmədov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Azərbaycan Respublikasında Dövlət qulluğunun islahatlarına yardım üzrə Avropa İttifaqı TASİS proqramı layihəsinin əlaqələndiricisi Ronald Yanq, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin keçid dövrü ölkələrində “Hüquq islahatları layihəsi”nin rəhbəri, Bremen Universitetinin hüquq fakültəsinin professoru Rolf Knieper və tanınmış alim-mütəxəssislər dinləyicilər qarşısında kadr siyasətinin müasir problemlərinə dair müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.