İQTİSADİYYAT
Joanna Lech: Yol hərəkəti haqqında maarifləndirmə işlərinə bağçalardan və orta məktəblərdən başlanmalıdır
Bakı, 3 mart, AZƏRTAC
Yol qəzalarının və insan itkisinin minimuma endirilməsi, əhalinin məlumatlandırılması, sosial çağırışlar və beynəlxalq əməkdaşlıq bizim əsas məqsədimizdir. Azərbaycanda yol hərəkətinin təhlükəsizliyində idarəetmə sisteminin yaxşılaşdırılması üçün lazımi tədbirlər görülməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqının Polşadakı Nəqliyyat Layihələri Mərkəzinin direktoru Joanna Lech “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” tvininq layihəsinin açılış konfransında bildirib.
“Bizim beynəlxalq əməkdaşlıq təcrübəmiz çox genişdir. 2050-ci ilə qədər risklərin aşağı endirilməsini hədəf qoymuşuq. Təhlükəsiz infrastruktur məqsədimizə çatmaq üçün əsas amildir. Düşünürük ki, yol hərəkəti haqqında maarifləndirmə işlərinə bağçalardan və orta məktəblərdən başlanmalıdır. Bu istiqamətdə hər kəs səfərbər olmalıdır. Məktəblər üçün proqramlar hazırlanmalı, bütün iştirakçılar bu işə öz töhfəsini verməlidir”,- deyə Joanna Lech qeyd edib.