Kaliforniyada Afrika mənşəli amerikalılara köləliyin vurduğu ziyanın ödənilməsi üzrə komissiya yaradılacaq
Vaşinqton, 7 sentyabr, AZƏRTAC
Kaliforniya ştatının Senatı XIX əsrin ortalarında ləğv edilmiş köləlik üzündən Afrika mənşəli amerikalılara vurulmuş ziyanın ödənilməsi üzrə komissiya yaradılması təklifi ilə əlaqədar səsvermə keçirib.
AZƏRTAC xəbər verir ki, 33 senator müvafiq qanun layihəsinin qəbul edilməsinin lehinə, 3 senator isə bu təklifin əleyhinə səs verib. Los-Ancelesi təmsil edən demokrat senator Holli Mitçell bildirib ki, köləliyin nəinki Kaliforniyada, hətta bütün ölkədə yaratdığı irqi qeyri-bərabərlik irsinin Kaliforniyada qaradərili insanların həyat şəraitinə təsiri hələ də davam edir.
Senator vurğulayıb ki, Kaliforniya quldarlıq ştatı olmayıb, lakin Vətəndaş müharibəsinə qədər bu ştatda köləliyi dəstəkləyən bir neçə hüquqi addım atılıb. Mitçell Kaliforniyada irqi bərabərliyin davam etməsinə şərait yaradan amillərə misal olaraq, evsizlik və işsizliyin qeyri-mütənasib olmasını, habelə COVID-19 pandemiyasının azlıqların icmalarına xüsusilə güclü təsir göstərməsini qeyd edib.
Qanun layihəsinə əsasən, yeni komissiya 2023-cü ilin iyul ayına qədər ştatda köləliyin hələ də davam edən təsirini öyrənməli və qanunvericilərə öz tövsiyələrini təqdim etməlidir. Həmin tövsiyələrdə kompensasiyanın hansı formada verilməsi, habelə kimin belə kompensasiya alacağı barədə ətraflı məlumat əks etdirilməlidir. 2021-ci ilin iyun ayına qədər öz iclaslarına başlayacaq komissiya ziyanın ödənilməsinin alternativ formalarını tövsiyə edə bilər.
AZƏRTAC-ın Vaşinqton bürosu