KAMAL ABDULLANIN “YARIMÇIQ ƏLYAZMASI” KİTABININ MOSKVADA TƏQDİMATLARI KEÇİRİLMİŞDİR
“Yarımçıq əlyazma” “Kitabi Dədə Qorqud” klassik dastanı barədə düşüncələrə əsaslanan, yalnız Kamal Abdullaya məxsus müasir və qeyri-adi üslubda yazılmış tarixi romandır. Bu, klassik “Kitabi Dədə Qorqud” dastanının yarandığı şəraitin novatorluqla qələmə alınmış təfsiridir. Burada mifologiya ilə müasirlik ahəngdar tərzdə çulğaşır, müxtəlif süjet xətləri oxucunu həqiqət və əsatir üzərində düşünməyə, tarixi keçmişə nüfuz etməyə, müasirliyi fikir süzgəcindən keçirməyə vadar edir.
Rusiyanın ədəbi tənqidçiləri əsəri ölkənin ədəbi həyatında əlamətdar hadisə adlandırmışlar.
“Xronikyor” nəşriyyat evinin baş redaktoru, yazıçı Boris Yevseyev müzakirələr zamanı demişdir: “Kamal Abdulla “Kitabi Dədə Qorqud” dastanı əsasında əsatirdən bəhs etmişdir. O, stereotiplərdən və öyrəşdiyimiz təsəvvürlərdən imtina etmişdir. Onun qəhrəmanları yeni modernist tərzdə üzə çıxırlar ki, bu da kitabı xüsusilə maraqlı edir və düşünməyə istiqamətləndirir. Bu, Kamal Abdullanın yeni müəllif versiyasıdır. Müəllifin yenilikçi arxaizmi olduqca dəyərlidir və bu, çoxlu müxtəlif ədəbi cərəyanın mövcud olduğu Rusiya üçün dedikcə maraqlıdır. K.Abdulla Azərbaycan mədəniyyətinin nümayəndəsidir, lakin onun yanaşması avropasayağı, düşüncəsi isə azərbaycansayağıdır. Əsatirə məhz bu cür yanaşma, onun məhz müasir təqdimatı bizim üçün maraqlıdır ki, bu da tarixi mövzuda yazılmasına baxmayaraq, kitaba müasir nəsr ruhu verir”.
Kitabın redaktoru, yazıçı Lyudmila Lavrova, tənqidçi İnna Rostovtseva, istedadlı şair, “Dədə Qorqud” dastanının rus dilinə tərcüməçisi Alla Axundova da K.Abdullanın kitabını yüksək qiymətləndirmiş və bildirmişlər ki, roman keçmişə modernist yanaşması ilə böyük maraq doğurur, müasir roman təfəkkürü, mədəniyyəti məhz Kamal Abdullanın əsərindəki kimi inkişaf edir.
Tanınmış kulturoloq və ədəbiyyatşünas Lev Annenski bildirmişdir ki, bu kitab insanın daxili aləmində nəyi isə dəyişir. O demişdir: “Bu, həm “Dədə Qorqud” dastanı sahəsində mütəxəssisin tədqiqatı, həm də ədəbi süjet dəyişikliyinin ironik təfsiridir. Müəllif eyni zamanda həm suala cavab verir, həm də qarşıya cavabsız suallar qoyur. Məhz bu, bəzən istehzalı, bəzən ehtiraslı, bəzən fədakar, bəzən fərəhli oyun da elə müasir nəsrdir. Kitabı oxuyarkən həm intellektual zövq alır, həm də bizim kimliyimz haqqında düşünürsən”.
Kamal Abdulla səmimi sözlərə görə naşirlərə və təqdimat mərasiminin iştirakçılarına təşəkkürünü bildirmiş, “Yarımçıq əlyazma” kitabının yaranma tarixindən danışmış, onun məğzi barədə maraqlı düşüncələrini, bəzi məsələlər barədə mülahizələrini bölüşmüşdür.
Tənqidçilər romanın tərcüməçisi, “Yuğ” Dövlət Teatrının bədii rəhbəri Vaqif İbrahimoğlunun işini yüksək qiymətləndirmişlər.
Kamal Abdulla yekdilliklə Dünya Yazıçılar Təşkilatının Moskva bölməsi olan “Rus PEN-klub”unun üzvü seçilmişdir. O, Rusiyanın 200 ən yaxşı yazıçısının daxil olduğu klubun ilk azərbaycanlı üzvüdür.