SİYASƏT
Kardinal Klaudio Qucerotti: Biz müharibələrə rəğmən dostluğu təcəssüm etdirən platforma yaratmağa çalışırıq
Bakı, 5 noyabr, AZƏRTAC
Şəxsən mənim üçün Azərbaycan həmişə çox yaxşı və mehribanlıqla qarşılandığım bir ölkədir. İnanıram ki, şeyxlə (şeyxülislam Allahşükür Paşazadə - red.) demək olar ki, bir növ qohumluq əlaqələrim var.
AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitində iştirak edən Müqəddəs Taxt-Tacın Şərq Kilsələri üzrə Dikasteriyasının prefekti kardinal Klaudio Qucerotti jurnalistlərə müsahibəsində bildirib.
Kardinal Qucerotti əlavə edib: “O, (şeyxülislam Allahşükür Paşazadə - red.) dünən səhər yeməyi vaxtı sırf yanımda olmaq üçün otelə gəldi. Bu, mənim üçün böyük şərəfdir və çox xoşdur. Mənim pravoslav yepiskopu Aleksandrla da eyni münasibətim olub”, - deyə kardinal bildirib.
Müxtəlif inancların olduğu üçün ümumilikdə dinlərdən danışmağın çox çətin olduğunu qeyd edən K.Qucerotti deyib: “Dünyada gündəlik həyatımızla sıx bağlı olan çoxlu dinlər var. Fərqli istiqamətə malik başqa dinlər də var. Amma bütün dinləri birləşdirən bir amil mövcuddur. Bu, həyat üçün çox güclü bir motivasiyadır. Belə bir narahat dünyada güclü imana malik olmaqla həyatda çox radikal seçimlər baş verəcəkdir.
Çox vaxt elə olur ki, bir din digəri ilə ziddiyyət təşkil edir. Bu, əksinə olmalıdır. Çünki birlikdə mövcud olan dinlər çox böyük gücü təmsil edir. Bu görüşün gözəlliyi ondadır ki, biz dinlərin təmsil etdiyi fərqliliklərdən danışmırıq. Bizi birləşdirən isə gördüyümüz dünyada yaşamaqdır və o, sadəcə olaraq, hissələrə parçalanır, onlardan biri də müharibədir. Müharibələrin və münaqişələrin olmasına baxmayaraq, dostluğumuzu yaşaya biləcəyimiz, göstərə biləcəyimiz bir platforma yaratmağa çalışanda, hər şey gözəl olur”, - deyə kardinal sözlərini yekunlaşdırıb.