KATINDA GÜLLƏLƏNƏNLƏR REPRESSİYA QURBANLARI HESAB EDİLMİR?
Katında öldürülənlərə bəraət verilməsinə dair işə siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında 1991-ci il qanununa uyğun olaraq baxılmasına bu qurbanların qohumlarının tələbi ilə başlanmışdır. 2004-cü ildə istintaqa xitam verilmişdir. Nəticədə Katın gülləbaranı insanların kütləvi surətdə qırılması kimi tanınmamışdır və heç kimə qarşı heç bir ittiham irəli sürülməmişdir. Martın 5-də Rusiya Baş Hərbi Prokurorluğu Polşa Xalq Yaddaşı İnstitutuna rəsmi sənəd göndərərək bildirmişdir ki, istintaq Katında öldürülənlərin siyasi repressiya qurbanları kimi tanınması üçün əsaslar tapmamışdır. Katında güllələnənlər sovet qanunlarına əsasən mühakimə edilməmişdilər və buna görə də onlara hüquqi baxımdan bəraət vermək üçün heç bir əsas yoxdur.
Polşa Xalq Yaddaşı İnstitutunun nümayəndələri, habelə Polşa və Rusiyanın hüquq müdafiəçiləri Polşa zabitlərinin və mülki şəxslərinin Katında kütləvi surətdə qətlinə görə məsuliyyəti ali sovet və partiya rəhbərliyi, o cümlədən bir neçə min insanı məhkəməsiz və istintaqsız olaraq “xüsusi qaydada” güllələmək əmri vermiş şəxsən Stalinin üzərinə atırlar.
Qətlə yetirilən insanlar 1939-cu ildə “Molotov-Ribbentrop paktı”nın həyata keçirilməsi çərçivəsində SSRİ-nin Polşaya müdaxiləsi zamanı tutulmuş əsirlər idi. 1990-cı ilədək SSRİ hökuməti Katın gülləbaranında Xalq Daxili İşlər Komissarlığının əli olduğunu etiraf etməmiş və bildirmişdir ki, bu, Hitler ordusunun törətdiyi əməldir.