REGİONLAR
KƏND TƏSƏRRÜFATI MÜTƏXƏSSİSLƏRİ TÜRKİYƏLİ HƏMKARLARI İLƏ FİKİR MÜBADİLƏSİ APARMIŞLAR
Gəncə, 8 avqust (AZƏRTAC). Gəncə Aqrobiznes Assosiasiyasının 4 əməkdaşı ekoloji kənd təsərrüfatı məsələləri ilə bağlı təcrübə mübadiləsi məqsədi ilə Türkiyədə olmuşdur.
Qardaş ölkənin “Buğday” ictimai birliyinin təşəbbüsü ilə reallaşan səfər zamanı gəncəli mütəxəssislər Türkiyədə mövcud ekoloji kənd təsərrüfatının vəziyyəti, inkişaf xüsusiyyətləri və bu sahənin marketinqinin təşkili məsələləri ilə bağlı maraqlı görüşlər keçirmişlər.
Səfər çərçivəsində İstanbul və ətraf bölgələrdə, eləcə də Türkiyənin qərbində-Egey sahillərindəki təsərrüfatlarda olan azərbaycanlı mütəxəssislər ekoloji kənd təsərrüfatı məhsulları bazarı ilə də tanış olmuşlar. Yalnız sertifikatlaşmış məhsulların çıxarıldığı və həftədə bir dəfə təşkil olunan bazarda satılan məhsullar nümayəndə heyətini razı salmışdır.
Nümayəndə heyətinin rəhbəri, Gəncə Aqrobiznes Assosiasiyasının icraçı direktoru Vüqar Mohumayevin dediyinə görə, uğurlu keçən səfər zamanı aparılan təcrübə mübadiləsi hər iki ölkənin mütəxəssisləri üçün səmərəli olmuş və gələcəkdə belə görüşlərin tez-tez keçirilməsi barədə razılıq əldə edilmişdir.
Növbəti görüş Gürcüstanda keçiriləcəkdir.