Kəngərli rayonu ərazisində xidmət edən əsgərlərə sovqat aparılıb
Kəngərli, 1 avqust, AZƏRTAC
Muxtar respublikada xalq-ordu birliyinə nümunə olaraq torpaqlarımızın keşiyini çəkən əsgərlərimizə meyvə-tərəvəz sovqatlarının göndərilməsi davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Şərur rayonunun ayrı-ayrı yaşayış məntəqələrindən ailə təsərrüfatçıları, fermer və sahibkarlar tərəfindən Milli Ordumuzun əsgərlərinə meyvə-tərəvəz məhsulları göndərilir. Bu nəcib təşəbbüsün davamı olaraq rayonun Zeyvə kənd sakini Nemət Rzayev və Havuş kəndindən Fikrət Əhmədov tərəfindən 5 ton kartof Kəngərli rayonu ərazisində xidmət edən əsgərlərimizə sovqat kimi aparılıb.
Hərbi hissənin zabiti mayor Nurlan Babayev mənəvi dəstəyə görə minnətdarlıq edib.
Gətirilən kartof sovqatı hərbi hissənin anbarına təhvil verilib.