Kərim Tahirov: Turin beynəlxalq kitab sərgisinin ziyarətçiləri Azərbaycan pavilyonuna böyük maraq göstərirlər
Turin, 18 may, AZƏRTAC
Turin beynəlxalq kitab sərgisinin ziyarətçiləri Azərbaycan pavilyonuna böyük maraq göstərir, nəşrlərimiz vasitəsilə ölkəmizi daha yaxından tanımağa çalışırlar. Biz də bu kitabları onlara paylayaraq, Azərbaycan haqqında daha çox məlumat toplamalarına töhfə veririk.
Bu sözləri İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq kitab sərgisində iştirak edən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləyib.
K.Tahirov deyib: “Bu cür sərgilərdə ölkəmizin iştirakı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayır. Azərbaycan sərgidə ilk dəfə təmsil olunmasına baxmayaraq, tədbirdə “Xüsusi qonaq ölkə” kimi iştirak edir. Bununla bağlı sərgi çərçivəsində yüksək səviyyədə keçirilmiş tədbirə İtaliyanın nüfuzlu şəxsləri, kitabsevərləri və Azərbaycana maraq göstərənlər qatılıblar. Tədbirdə İtaliyada çapdan çıxan Azərbaycan haqqında bir sıra kitabların təqdimatı da oldu. Bu nəşrlərin italiyalı alimlər tərəfindən yazılması müsbət haldır”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Turin