CƏMİYYƏT
Kəskin respirator distpress sindromuna həsr olunan seminar keçirilib
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında həkimlər və rezidentlər üçün seminar keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, seminarda pulmonologiya şöbəsinin müdiri, assistent Əlizamin Sadıqov “Kəskin respirator distpress sindromu” mövzusunda məruzə ilə çıxış edib. O, problemin aktuallığını diqqətə çatdıraraq mövzunu əhatə edən ən son yeniliklər, diaqnostik yanaşmalar və müalicə prinsipləri haqda məlumat verərək sindromun xəstəlik deyil, ölümə aparıb çıxaran çox ciddi ağırlaşma olduğunu bildirib.
Şöbə müdiri sindromun ağ ciyərin zədələnməsi və birbaşa olmayan zədələnmələr səbəbindən əmələ gəlməsinə aydınlıq gətirib: “Bunun ən birinci səbəbi sepsisdir, sepsisə səbəb olan isə infeksion problemlərdir. Lakin hər sepsis həmin sindroma səbəb olmur. Əgər kəskin respirator distpress sindromu sepsisdən yaranırsa, ən azı genezdə alkoqolizmi aramaq lazımdır”.
Mütəxəssisin dediyinə görə, ölüm göstəricisini azaldan yeganə terapiya aşağı tənəffüs həcmi, plato təzyiqi ilə məhdudlaşmış mexaniki ventilyasiyadır. Məruzədə sindromun klinik xüsusiyyətləri ilə yanaşı, qeyri-invaziv metodlardan istifadənin üstünlükləri, vaksin ehtiyatının zəruriliyi, laborator müayinə sahəsində mövcud olan problemlər barədə fikirlər də öz əksini tapıb.
Sindromun klinik mənzərəsini əks etdirən şəkillər və slaydlarla müşayiət olunan seminarın sonunda dinləyiciləri maraqlandıran suallara cavablar verilib.