Kimin ağrıyır canı, bol çay içsin mərcanı... Astaranın çay plantasiyalarından FOTOLENT
Bakı, 20 iyun, AZƏRTAC
Ötən il Azərbaycanda çay əkinlərinin sahəsi 1,08 min hektar olub. Yaşıl çay yarpağı istehsalı isə 6,9 faiz artaraq 0,93 min tona çatıb. 2019-cu ildə yaşıl çay yarpağı istehsalının 62,8 faizi Astara, 30,3 faizi Lənkəran, 6 faizi Zaqatala, 1 faizi Masallı rayonlarının payına düşüb.
AZƏRTAC xəbər verir ki, bu ilin yanvar-may ayları ərzində 392 ton yaşıl çay yarpağı istehsal edilib, 4,1 milyon ABŞ dolları dəyərində 623,5 ton çay ixrac olunub. Azərbaycan çayının əsas ixrac bazarı Rusiya, Gürcüstan və Ukraynadır.
Uzun müddət tənəzzül dövrünü yaşayan çayçılıq dövlət qayğısı və dəstəyi ilə yenidən inkişaf etdirilir. Xatırladaq ki, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3000 hektara, yaşıl çay yarpağı yığımının isə 8,5 min tona çatdırılması nəzərdə tutulur.
AZƏRTAC fotoqraf Valeh Arifoğlunun “Astaraçay” MMC-nin plantasiyalarından çəkdiyi fotoları təqdim edir.