DÜNYA
Kir Starmer Romada İtaliyanın Baş naziri ilə miqrant məsələsini müzakirə edib
London, 16 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Romada İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında Kir Starmer İtaliyanın Aralıq dənizində qeyri-qanuni miqrasiya ilə mübarizədə əhəmiyyətli addımlar atdığını və qeyri-qanuni gəlişlərin 60 faiz azaldığını bildirib.
Baş nazir, İtaliya ilə Böyük Britaniya arasında kəşfiyyat və taktika paylaşımı da daxil olmaqla əməkdaşlığın dərinləşməsindən məmnun olduğunu qeyd edib. O, bu əməkdaşlıq imkanlarını Meloni ilə müzakirə etdiyini vurğulayıb. Kir Starmer İtaliyanın Avropada və dünya səhnəsində lider rolunu tanıdığını və Böyük Britaniya-İtaliya münasibətləri üçün "yeni dövr" açdığını bildirib. O, həmçinin İtaliyanın Albaniya ilə miqrasiya müqaviləsini müzakirə etdiklərini bildirib.
Ciorcia Meloni isə müzakirələrdə Kir Starmer ilə insan alverinə qarşı mübarizənin miqrasiya məsələlərində ilk növbədə görülməli iş olduğunu razılaşdırdıqlarını deyib. O, problemin kökünə enmək üçün səlahiyyətlilər arasında əməkdaşlığın vacib olduğunu diqqətə çatdırıb. Meloni, həmçinin Böyük Britaniya və İtaliyanın miqrasiya axını daxil olmaqla oxşar məsələlərlə üzləşdiyini və Afrikaya yenidən diqqət ayrılacağını qeyd edib. Ciorcia Meloni İngilis Kanalındakı vəziyyəti vurğulayaraq, bu problemin bütün Avropaya təsir etdiyini vurğulayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London