Kişilərdən ibarət "Bakı" həndbol komandasından mövsüm ərzində qızıl dubl
Bakı, 29 aprel, AZƏRTAC
Həndbol üzrə Azərbaycan çempionatında mövsümə yekun vurulub.
Qadın həndbolçuların yarışının ardınca aprelin 29-da kişilərin çempionatında da həlledici görüşlər olub.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, pley-off mərhələsinin həlledici oyunlarında qalib və mükafatçıların adlarına aydınlıq gəlib. Daha böyük maraqla gözlənilən “Məhsul” - “Bakı” matçı gərgin mübarizə şəraitində keçib. Qızıl medallara iddialı rəqiblərin oyununda əsas vaxt 32:32 hesabı ilə bitdiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Yeddi metrlik zərbələri daha dəqiq yerinə yetirən “Bakı" 35:32 hesablı qələbə ilə Azərbaycan çempionu adına sahib çıxıb.
Digər qarşılaşmada “Təhsil” komandası Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələrini 45:28 hesabı ilə asanlıqla məğlub edərək bürünc medala yiyələnib.
Fəxri kürsüyə qalxan komandalara, həmçinin fərdi nominasiyalar üzrə fərqlənən idmançılara federasiyanın fəxri diplom və mükafatları təqdim olunub.
Qeyd edək ki, Elnur Cahangirov ("Bakı") və Yelizaveta Hilyazəddinova ("Azəryol") "Ən yaxşı qapıçı", Dmitri Çapligin ("Təhsil") və Valentina Yankovskaya ("Azərsu") "Ən yaxşı oyunçu "nominasiyası üzrə fərqləniblər.
Çempionatın bağlanış mərasimində çıxış edən Azərbaycan Həndbol Federasiyasının vitse - prezidenti Orxan Abbasov ölkəmizdə idmana göstərilən yüksək dövlət qayğısından söz açaraq beynəlxalq arenalarda qazanılan uğurları məhz bunun məntiqi nəticəsi kimi qiymətləndirib. 24-cü ölkə çempionatı ilə müqayisədə başa çatan mövsümün daha gərgin və maraqlı mübarizə ilə yadda qaldığını deyən Orxan Abbasov, növbəti çempionata yeni komandaların qatılması və rəqabətin yüksəldilməsi üçün bütün qüvvələrin səfərbər olunacağını bildirib.
Həndbol üzrə 25-ci Azərbaycan çempionatında 6 qadın, 4 kişi komandası qələbə uğrunda mübarizə aparıb. Ötən il oktyabrın 17-də start verilən yarışlarda, ümumilikdə, 84 oyun keçirilib.
Qeyd edək ki, "Bakı" həm ölkə çempionatında, həm də Azərbaycan kuboku uğrunda yarışlarda qalib gələrək qızıl dubla imza atıb. Belə ki, martın 8-də keçirilmiş həndbol üzrə Azərbaycan kuboku turnirinin finalında "Məhsul” həndbolçularını 34:28 hesabı ilə məğlubiyyətə uğradan paytaxtın eyniadlı təmsilçisi turnirin əsas mükafatına layiq görülüb.
Xatırladaq ki, qadın həndbolçuların yarışında isə "Azərsu" kollektivi çempionluğu bayram edib. "Azərsu" həm də Azərbaycan kuboku turnirinin finalında "Nur"a 30:24 hesabı ilə məğlub olaraq gümüş medal qazanıb.