Kitab təqdimatı: “Erməni millətçiliyi: gələcəyi olmayan həyat”
Bakı, 12 aprel, AZƏRTAC
Aprelin 12-də Hüquq və İnsan Haqları İnstitutunda Moisey Bekkerin “Erməni millətçiliyi: gələcəyi olmayan həyat” (“Armyanskiy nasionalizm: jizn bez buduşeqo”) kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (Mərkəz) İcraçı direktoru Samir Mahmudov Hüquq və İnsan Haqları İnstitutunun xalqa və dövlətçiliyə əhəmiyyətli olan nəşrlərin sayının artırılması sahəsində gördüyü işləri yüksək qiymətləndirib. Bildirib ki, belə nəşrlərin geniş təqdimatının keçirilməsi ictimaiyyət üçün əhəmiyyətlidir.
İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə kitabın müəllifi Moisey Bekkerin uzun illər Hüquq və İnsan Haqları İnstitutunda elmi fəaliyyətlə məşğul olduğunu, hazırda isə institutun Ekspert Şurasının üzvü olduğunu diqqətə çatdırıb. O, təqdimatı keçirilən kitabın obyektiv tarixi araşdırmalar baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Təqdimat zamanı qeyd olunub ki, müəllif tərəfindən monoqrafiyada “Armenakan”, “Qnçak” və “Daşnaksütyun” kimi siyasi partiyaların erməniliyin siyasi baxışlarının formalaşmasına təsiri, Osmanlı dövlətini, Rusiya imperiyasını, Sovet İttifaqını daxildən parçalamaq istiqamətində iştirakı təhlil edilir.
Müzakirələr zamanı iştirakçılar qatı millətçiliyin arzuolunmaz fəsadları və azad olunmuş ərazilərdə mina təhlükələrinin ağır nəticələri barədə geniş fikir mübadiləsi aparıblar.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, alimlər iştirak ediblər.