Kiyevdə karantin rejiminə əməl olunmasına nəzarət gücləndirilib
Kiyev, 17 iyun, AZƏRTAC
Kiyevdə karantin tələblərinə əməl olunmasına nəzarət və təhlükəsizlik qaydaları gücləndirilib. Paytaxtın bütün rayonlarında bununla bağlı mobil qruplar fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə onlayn mətbuat konfransı zamanı Ukrayna paytaxtının meri Vitali Kliçko məlumat verib. O bildirib ki, paytaxt sakinləri məhdudiyyətlərə riayət etmirlər və bu səbəbdən meriya sanitar normalara əməl olunmasına nəzarəti gücləndirmək qərarına gəlib.
Merin sözlərinə görə, karantin qaydalarına əməl olunmasına rayon dövlət idarəetmə orqanlarından, Dövlət qida və istehlak xidmətlərindən, Abadlıq departamentindən, Milli polis və Bələdiyyə mühafizəsindən ibarət mobil qruplar nəzarət edəcəklər. Bu qruplar hər gün ticarət, ictimai iaşə, məişət xidmətləri və s. müəssisələrdə epidemiya əleyhinə tələblərə riayət olunmasını yoxlayacaq, müəyyən edilmiş qaydalara əməl edilmədikdə isə inzibati xəta protokolu tərtib edəcəklər.
Qeyd edək ki, Ukraynada ötən həftə ərzində koronavirusa yoluxanların sayında böyük artım müşahidə olunub. Xəstələrin ümumi sayı artıq 33 min 234 nəfərə çatıb. Onların 758 nəfəri son sutka ərzində aşkarlanıb ki, bu da koronavirus pandemiyası ərzində qeydə alınmış anti-rekorddur.
Rüstəm Məmmədov
Kiyev