Kiyevdə QİƏT PA çərçivəsində Azərbaycan-Ukrayna əməkdaşlığı məsələləri müzakirə olunub
Kiyev, 26 may, AZƏRTAC
Ukrayna parlamentində Azərbaycanın bu ölkədəki səfiri Eynulla Mədətlinin Ukrayna Ali Radasının (AR) Qara Dəniz İqtisadi Əməkdaşlıq ölkələri Təşkilatının Parlament Assambleyasındakı (QİƏT PA) daimi nümayəndə heyətinin rəhbəri Lyudmila Denisova ilə görüşü olub. Bu barədə AZƏRTAC-a diplomatik nümayəndəliyimizin mətbuat xidmətindən bildiriblər.
Ukrayna AR-in QİƏT PA-dakı daimi nümayəndə heyətinin rəhbəri L.Denisova Bakıdakı yaşayış binasında baş vermiş yanğın nəticəsində insan tələfatı ilə əlaqədar nümayəndə heyəti və Ukrayna adından səfirə başsağlığı verib.
O, Ukraynada köçkünlərə kömək göstərdiyinə görə Azərbaycan diasporuna minnətdarlığını bildirib.
AR-in xalq deputatı həmçinin mayın 21-22-də Riqada keçirilmiş “Şərq Tərəfdaşlığı” sammiti bəyanatının Azərbaycan tərəfindən dəstəklənməsinə görə, diplomatik nümayəndəliyimizin rəhbərinə təşəkkür edib.
Öz növbəsində səfir Ukrayna tərəfini əmin edib ki, Azərbaycan həmişə Ukraynanın ərazi bütövlüyünü müdafiə edəcək.
Danışıqlar zamanı həmsöhbətlər bir sıra məsələləri, o cümlədən ikitərəfli əməkdaşlıq və QİƏT PA-nın iyunun 8-10-da Kişineuda keçiriləcək 45-ci Baş Assambaleyasına hazırlıq məsələlərini müzakirə ediblər.
Zeynal Agazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev