Kiyevə dronlarla hücum edilib, ölənlər var
Kiyev, 21 oktyabr, AZƏRTAC
Rusiya ordusu oktyabrın 20-dən 21-nə keçən gecə Ukraynanın paytaxtı Kiyev şəhərinə dronlarla hücum edib.
AZƏRTAC xəbər verir ki, ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə, dronlardan biri Svyatoşin rayonundakı 24 mərtəbəli binaya dəyib. Nəticədə binanın 20-ci mərtəbəsində yerləşən mənzillərdən birində yanğın baş verib və həmin mənzil yararsız hala düşüb. Bu hadisə zamanı 2 nəfər həlak olub.
Zərərsizləşdirilən dronlardan birinin düşməsi nəticəsində isə Desnyanski rayonunda binanın qarşısında park edilmiş 7 avtomobil yanıb.
Kiyevə hücum zamanı enerji infrastrukturuna da ziyan dəyib. Ukrayna paytaxtının bəzi ərazilərində enerjinin verilişi dayandırılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev