İQTİSADİYYAT
KOBİA Avstraliya ilə KOB sahəsində təcrübəyə dair fikir mübadiləsi aparıb

Bakı, 18 sentyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Qlobal Sahibkarlıq Şəbəkəsi tərəfindən keçirilən Startap Ölkələri Sammitində iştirak etmək məqsədilə Avstraliyada işgüzar səfərdədir. Səfər çərçivəsində KOBİA nümayəndələri Avstraliyanın sahibkarlıqla əlaqəli qurumlarında bir sıra görüşlər də keçirəcəklər.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Melburn şəhərində agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Avstraliyanın Viktoriya əyalətinin kiçik biznes, gənclər və veteranlar naziri Natali Süleyman ilə görüşüb. Görüşdə kiçik və orta sahibkarlıq sahəsində hər iki ölkənin təcrübəsinə, ticarət və qarşılıqlı investisiyaların artırılması sahəsində mümkün əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.