KOBİA və Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 24 fevral, AZƏRTAC
Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Özbəkistanın İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi yanında Sahibkarlığın İnkişafı Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, sənədi agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyinin direktorunun müavini Muxtor Şonazarov imzalayıblar.
Memorandumda kiçik və orta biznes, qadın sahibkarlığı, dövlət-özəl tərəfdaşlığı, sahibkarlığın təşviqi və biznes subyektlərinin qanuni mənafelərinin müdafiəsi istiqamətlərində məlumat və təcrübə mübadiləsi, birgə təlim, seminar və konfransların təşkili və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulur.